Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında onlayn müqavilə imzalanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə rektor Elbrus İsayev ölkələrimiz arasında qardaşlıq münasibətlərinə toxunub, iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Rektor tarixi ədalətin bərpa olunmasında Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi xüsusi olaraq qeyd edib. Universitetlərarası əlaqələrə toxunan Elbrus İsayev Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapı düşmən üzərində qazandığımız qələbəni bütün türk dünyasının birliyi, zəfəri adlandırıb və bu münasibətlə hər kəsi təbrik edib.

Görüşdə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin edilməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

Sonda hər iki universitet arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.

                                                         Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: