“Sabahın tədqiqatçıları” layihəsinin gənc tədqiqatçıları yeni uğurlara imza atır - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və “Fiziki tədqiqatlar” laboratoriyasının böyük elmi işçisi Nazilə Mahmudovanın rəhbərliyi ilə gənc tədqiqatçılar Rusiyada keçirilən “Məktəblilərin və tələbələrin “Mənim elmə addımım” Ümumrusiya distant konfransı”nda iştirak ediblər.

Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Nuray Məmmədova, 8 nömrəli tam  orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və X sinif şagirdi Nurgün Allahverdiyevanın “Naxçıvan Muxtar Respublikasının yeraltı su ehtiyatları”  adlı məqaləsi və həmin məktəbin X sinif şagirdi Tuncay Təhməzli ilə dissertant Leyla İbrahimovanın “Mis bismut sulfidin alınması və onun elektrik keçiriciliyinin təyini” adlı məqalələri diyarşünaslıq, ekologiya, kimya və fizika bölmələrini əhatə edən  konfransın 2 cildlik toplusunda dərc olunub. Əldə edilən elmi yeniliklərə görə hər iki məqalə sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı ötən ildə böyük uğurlara imza atan “Sabahın tədqiqatçıları” layihəsinin məqsədi Naxçıvan məktəblilərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli istedadlı şagirdlərin aşkar edilməsi və gələcək elmi potensiallı kadrların yetişdirilməsidir. Naxçıvan Bölməsi əməkdaşlarının gərgin əməyi və gənclərin zəhməti sayəsində bu missiya uğurla yerinə yetirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: