Akademikin 70 illik yubileyi ilə bağlı açıq dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda distant formatda keçirilən açıq dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izlənilib. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin apardığı dərsdə bildirilib ki, 1951-ci ildə Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində anadan olan akaemik İsmayıl Hacıyev Azərbaycan tarix elminin inkişafında mühüm xidmətlər göstərib. O, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra ilk dəfə orta məktəb müəllimi, 1978-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, prorektor və bir çox vəzifələrdə çalışıb. 2003-ci ildən etibarən AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsində çalışan akademik bu gün də pedaqoji fəaliyyətini davam etdirərək Naxçıvan Dövlət Universitetində “Azərbaycan tarixi” kafedrasının professoru kimi “Azərbaycan tarixi”ndən mühazirələr deyir.

Akademik keçən yüzilliyin 70-ci illərinin sonlarından indiyə qədər Azərbaycan tarixi, Naxçıvanın muxtariyyəti, cumhuriyyət tariximiz, muxtar respublikanın sosial-ictimai inkişafından bəhs edən 800-ə yaxın elmi əsər, o cümlədən 14 monoqrafiya, 40-a yaxın kitab və broşüra nəşr etdirib. Azərbaycan tarixinin aktual problemlərinə həsr olunan bu əsərlərdən 3 monoqrafiyası, 1 kitabı, 80-ə yaxın məqaləsi xarici ölkələrdə müxtəlif dillərdə nəşr olunub.

2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülən, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na və “Dialoq Avrasiya” jurnalının redaksiya heyətinə üzv seçilən akademik İsmayıl Hacıyev eyni zamanda 2010-cu ildə ABŞ Bioqrafiya İnstitutunun Qızıl Medalı ilə də təltif olunub. Alim 1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb, 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2004-cü ildə ona professor elmi adı verilib.

Diqqətə çatdırılıb ki, II çağırış Naxçıvan MR Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən akademik İsmayıl Hacıyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Elm sahəsində qazandığı uğurlara görə 2007-ci ildə akademik Yusif Məmmədəliyev mükafatı və medala, 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, “Azərbaycan Xalq Cümhuriyyəti” yubiley medalına, Naxçıvan Muxtar Respublikası mükafatına və Xatirə medalına layiq görülüb.                                     

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: