Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2020-ci ilin yekunu və 2021-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Elbrus İsayev qeyd edib ki, ölkəmizdə digər sahələri ilə yanaşı, basketbolun da inkişafına diqqət yetirilir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Vurğulanıb ki, 2002-ci ildə yaradılan Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasının daim diqqətdə saxlamalıdır. Federasiyanın sədri bildirib ki, gələcəkdə də Basketbol federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görməli və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir. Cari il üçün federasiyanın “Tədbirlər Planı”nı iştirakçıların diqqətinə çatdıran rektor qeyd edib ki, ötən 6 ay ərzində basketbol idman növünün təbliği və bu sahədə peşəkar kadrların hazırlanması məqsədilə universitetin basketbol fənni üzrə fənn proqramı hazırlanaraq “Məşqçilik” ixtisasında seçmə fənnin tədrisinə başlanılıb.
Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov qeyd edib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb. Bunun üçün universitetdə yaradılan idman klubunda 15 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək, Kəngərli rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla ümumilikdə 12 basketbol komandası fəaliyyət göstərir. Hazırda fəaliyyət göstərən qız və oğlan qruplarında 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.
İclasda universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyevin təklifləri dinlənilib, qərar layihəsi təsdiq edilib.
Səadət Əliyeva