Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
NUHÇIXAN xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 585 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən olunması üçün “barkod-skaner”lər quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.
İmtahanda 31 min 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 min 993 abituriyent ikinci qrup üzrə, 16 min 911 abituriyent üçüncü qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 29 min 370 nəfəri Azərbaycan bölməsinin (ikinci qrup üzrə 13 min 641, üçüncü qrup üzrə 15 min 729 nəfər), 2 min 534 nəfəri isə rus bölməsinin (ikinci qrup üzrə 1352, üçüncü qrup üzrə 1182 nəfər) məzunudur. Onların 13 min 849 nəfəri oğlanlar (ikinci qrup üzrə 9 min 419 nəfər, üçüncü qrup üzrə 4 min 430 nəfər), 18 min 55 nəfəri isə qızlardır (ikinci qrup üzrə 5 min 574 nəfər, üçüncü qrup üzrə 12 min 481 nəfər). Abituriyentlərin 24 min 666-sı cari ilin orta ümumtəhsil məktəblərinin, 5 min 865-i əvvəlki illərin, 98-i ali təhsil müəssisələrinin, 1275-i isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Onların 163-ü xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.
Bakı şəhərində 14 min 262, Naxçıvanda 1615, Gəncədə 3 min 211, Sumqayıtda 1587, Mingəçevirdə 1309, Şəkidə 1788, Bərdədə 1827, Göyçayda 1310, Şirvanda 1853, Lənkəranda 1947, Xaçmazda isə 1195 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 18-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və üç saat davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və “Facebook” səhifəsində veriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.