Ali təhsil ocağının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İnstitutun Azərbaycan dili və ədəbiyyat kafedrasının və orta ümumtəhsil məktəblərinin 30 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin iştirakı ilə keçirilən seminar “Praktik Azərbaycan dili: əməli yazılar, növləri, öyrədilməsi yolları” mövzusunda olub.
Seminarda institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev bildirib ki, seminar müəllimlərin bilik və təcrübə mübadiləsini özündə ehtiva edərək işin daha səmərəli təşkilini stimullaşdırır.
Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, professor Sədaqət Həsənovanın “Əməli yazıların öyrədilməsi məsələləri” mövzusunda məruzəsi dinlənilib. Seminar institutun professor-müəllim heyətinin və orta ümumtəhsil məktəbləri müəllimlərinin mövzu ətrafında maraqlı müzakirələri ilə davam edib.