“Nağı Nağıyev: taleyi və sənəti” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində görkəmli ədib Nağı Nağıyevə həsr olunan “Nağı Nağıyev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, redaktor, ictimai xadim, rəssam Nağı Nağıyevin həyat və yaradıcılıq yoluna nəzər salıb. Alim ədibin  Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olduğunu qeyd edərək, onun əsərlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, 70 illik ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən yazıçı dram əsərləri, roman, povest, hekayə, oçerkləri ilə yanaşı, həm də müxtəlif xalqların ədəbiyyatından tərcümələr edib. Ədəbi mühitin inkişafında misilsiz xidmətləri olan yazıçının əsərləri gənc nəslin yetişməsində mühüm rol oynayıb.

Akademik diqqətə çatdırıb ki, 2007-ci ildən bölmədə “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2020-ci il üçün növbəti sayı Nağı Nağıyevə həsr edilib. Bununla bağlı “Nağı Nağıyev: taleyi və sənəti” kitabı çap olunub. Kitabda Naxçıvan torpağının yetirməsi, ictimai xadim, pedaqoq Nağı Nağıyevin həyatı, yaradıcılığı və bədii irsinin tədqiqindən bəhs edən məqalələr toplanıb. Kitaba, eyni zamanda “Müasirləri Nağı Nağıyev haqqında” bölməsi və qüdrətli söz ustasının ömür yolunu işıqlandıran fotoşəkillər daxil edilib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev görkəmli yazıçının bir çox sahələrdə göstərdiyi uğurlu fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə  Bakı şəhər 102 saylı orta məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mələk Süleymanovanın, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun, Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanlının görkəmli ədib Nağı Nağıyevin bədii yaradıcılığı ilə bağlı çıxışları dinlənilib.                                                             

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: