“Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı çapdan çıxıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, dosent Fizzə Məmmədova və coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı çapdan çıxıb.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, kitabın ilk fəsli təbiət və cəmiyyət münasibətləri, ekoloji şüurun inkişafı, biosfera ilə noosferanın qarşılıqlı təsirinə əsaslanır. İkinci, üçüncü və dördüncü fəsillərdə Naxçıvan Muxtar Respublikasında atmosfer, litosfer və hidrosferin ekoloji xüsusiyyətləri, Naxçıvanda iqtisadiyyat və turizmin inkişafı kimi məsələlər əks olunub.

Yeni nəşrdə, həmçinin son zamanlar ətraf mühitin ciddi dəyişikliklərə uğramasının bəzi səbəbləri haqqında faktlar göstərilir. Bundan başqa, atmosferə tullanılan zəhərli qazların təmizlənməsi, müxtəlif mənşəli tullantıların təbii proseslərə təsiri, tullantı sularının müxtəlif üsullarla təmizlənməsi, təbii ehtiyatlardan istifadənin aktual problemləri, onların tükənmə dinamikası və digər məsələlər yer alıb.

Kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Əli Nuriyev, elmi redaktoru biologiya elmləri doktoru Varis Quliyev, rəyçiləri isə kimya elmləri doktoru Bayram Rzayev və professor Əliyar İbrahimovdur.

Nəşr ətraf mühit-insan münasibətləri ilə maraqlananlar, kimyaçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: