Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycanın inamlı gələcəyinin qarantıdır. Bu siyasət ölkəmizdə onun həyata keçməsini təmin edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında isə Ümummilli liderin dövlətçilik siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında uğurla davam etdirilir. Bu varislik siyasəti muxtar respublikada sürətli inkişafın əsasında dayanan əsas amil kimi xalqın öz nurlu gələcəyinə ümid və inamının da möhkəmlənməsində əsas təsiredici və formalaşdırıcı stimuldur. Bu gün yaşadığımız nurlu cəmiyyət gənclərimizə yönəlmiş siyasətin uğurluluğunun bariz nümunəsidir. Bu gənclərimizi ruhlandıraraq ölkə prezidenti və muxtar respublika rəhbərliyinin müstəqilliyimizin davamlılığına və inkişafına yönəlmiş siyasi xətti ətrafında sıx birləşərək işıqlı gələcəyə inamla aparır.
Gənclərin hərtərəfli inkişafının aktiv iştirakçıları olan valideynlər, müəllimlər və ümumilikdə cəmiyyətin yaşlı üzvləri bu əsası əldə rəhbər tutaraq yaradılmış şəraitdən düzgün istifadə etməklə üzərlərinə düşən vəzifənin ciddiliyini dərk etməli və onların inkişafı qayğısına qalmalıdırlar. Bu işi həyata keçirməyin keyfiyyətli təminatı bir sıra əsaslı biliklərə yiyələnməklə mümkündür. Bunları aşağıdakı kimi səciyyələndirmək olar.
Azərbaycan xalqının tarixini yaxşı bilmək. Azərbaycan tarixinin həqiqətləri və keçmişdə yaşananlar haqqında biliklərə sahib olmaq hər bir vətəndaşın vəzifə borcuna çevrilməlidir. Çünki hər bir xalqın tarixi, xüsusən də, tarixi psixoloji keçmişi həmin xalqın gələcəyini müəyyən edir. Gənclərin tərbiyəsi və formalaşması qayğısına qalan hər bir şəxs bu bilikləri dərindən əxz etməklə onu yetişməkdə olan gənc nəsilə çatdırmalıdır ki, tarixdə yaşanmış olan çatışmazlıqlar bir daha yaşanmasın.
Xalqın milli-mənəvi dəyərləri haqqında biliklərə dərindən bələd olmaq. Hər bir xalqın milli mənəvi dəyərləri həmin xalqın tarazlığını qoruyan və cəmiyyətin əsas idarəedici mexanizmlərini müəyyən edən əvəzolunmaz əsasdır. Milli-mənəvi dəyərlərin təbliği yetişməkdə olan gənc nəsilin sağlam əsaslar üzərində dayanması və qloballaşan dünyada yarana biləcək təhlükəli təsir mexanizmlərindən uzaq durmağı, eyni zamanda qəbul edilən müxtəlif yeniliklərin mütləq milli-mənəvi dəyərlərə uyğunlaşdırmağa sövq edəcəkdir. Bu isə mənfi təsirlərin gücünü azaldacaq və təhlükəni yox edəcəkdir.
Gənclərin milli-mənlik şüurunu formalaşdırmağın mahiyyəti və əhəmiyyətini anlamaq. Milli mənlik şüuru hər bir xalqın nümayəndəsinin öz milli mənsubiyyətini, milli özünəməxsusluğunu, mənsub olduğu xalqın adət-ənənələrini, milli mənəvi dəyərlərini dərk etmək, öz xarakterində milli qeyrəti, milli qüruru, milli əqidə saflığını, dəyanəti və bu kimi xüsusiyyətləri formalaşdırmaq, özünə tənqidi yanaşmaq şərti ilə hissi və emosional yaşayıcısı, daşıyıcısı və ötürücüsü kimi davranışında əks olunmasının məcmusudur. Gənclərdə milli mənlik şüurunun formalaşdırılması onların hansı xalqa məxsusluğunu dərk etməsi və harada yaşamasından asılı olmayaraq azərbaycançılıq məfkurəsi altında sıx birləşməyi, eyni zamanda atdığı hər bir addımda azərbaycanlı kimi öz xalqına layiq olmağa çalışmasını təmin edəcəkdir.
Psixoloji biliklərə yiyələnmək. Gəncləri tanımadan, onların yaş dinamikasına uyğun olaraq psixoloji xüsusiyyətlərini bilmədən onlarla istər ünsiyyət qurmaqda, istər münasibətlər sistemini tənzimləməkdə, istərsə də onların şəxsiyyətinin formalaşmasına təsir edən mexanizmləri müəyyən etməkdə çətinliklər yaranar. Bu isə qarşıya qoyduğumuz məqsədə çatmaqda bizə mane olar.
Pedaqoji texnologiyalardan xəbərdar olmaq. Pedaqoji texnologiyalardan istifadə gənclərlə işin həyata keçirilməsində, formalaşdırıcı biliklərin təmin olunmasında, materialların hazırlanması və çatdırılması üsullarının müəyyənləşdirilməsini olduqca asanlaşdırır.
İdeya-siyasi dünyagörüşünü formalaşdırmaq istiqamətində biliklərini daim zənginləşdirmək. Gənclik yaşı dövrünün ən aktual məsələlərindən biri ideya-siyasi biliklərə daha çox meyilli olması və özlərinin bu istiqamətdə cəmiyyətin aparıcı üzvü kimi hiss etmələridir. Bu mənada gənclərin ideya-siyasi dünyagörüşünün formalaşdırılması onların daha düzgün və əhəmiyyətli qərarlar qəbul etmələri, eyni zamanda müstəqil Azərbaycan naminə doğru yolda inamla irəliləmələrinə zəmin yaradacaqdır.
Nümunəvi təsir mexanizmini təmin etmək üçün daim öz şəxsiyyətlərinin formalaşması qayğısına qalmaq. Cəmiyyətin yaşlı üzvləri bir şeyi yaxşı anlamalıdır ki, tərbiyə sözlə verilən proses olmayıb, sözlə əməlin vəhdəti prinsipinə əsaslanır. Bu mənada yaşlı nəsil daima öz şəxsiyyətlərini inkişaf etdirməyin qayğısına qalmalı, gənclərə nümunəvi təsir etməyi bacarmalıdır.
Gənclərə hörmət və ehtiramla yanaşmaq. Gənclər bu millətin gələcəyidir. Bizim bu gün onlara necə və nə cür davranmağımız onların gələcək meyarlarını müəyyən edir. Onların şəxsiyyətinin formalaşmasının əsas elementlərindən biri olan özünə və başqalarına hörməti formalaşdırır. Bu mənada gənclərlə işin təşkilində daim onların şəxsiyyətinə hörmətlə yanaşmaq, müraciət formasından başlamış bütün davranış əlamətlərini tənzimləmək hər bir yaşlı üzvün borcudur.
Onlara müstəqillik imkanları tanımaq. Gənclərə müstəqilliyin verilməsi onlarda özünə inam hissinin formalaşmasına stimul verir ki, bu cür gənclər daha qətiyyətli olur, öz ideyalları uğrunda prinsipial addımlarla irəliləyir, məqsədlərinə çatmaq üçün iradi səy göstərirlər.
Gənclərin formalaşmasında ictimai rəyə əsaslanan inandırıcı faktların təsir gücündən istifadəni təmin etmək. İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Gənclərin vətənə, xalqa, millətə, ən ümdəsi dövlətə, dövlət rəhbərinə sadiq ruhda formalaşması üçün ictimai şüura əsaslanan inandırıcı faktlardan istifadə edilməsi olduqca əhəmiyyətlidir.
Bio-psixo-sosial varlıq kimi onların təlabat və maraqlarını nəzərə almaq. Unutmaq olmaz ki, gənclər bio-psixo-sosial varlıq kimi müxtəlif təlabatlar hiss edir. Bu təlabatlar ödənilmədikdə hissi narazılıqla qarşılanır ki, bu da cəmiyyətin yaşlı üzvləri ilə gənclərin münasibətlərində müəyyən gərginliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan gənclərin təlabatlar sisteminin nəzərə alınması onların sağlam formalaşması üçün əsas şərtlərdən birini təşkil edir.
2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək uzun illərdən bəri gözlədiyimiz tarixi zəfər qazandı. Azərbaycan ordusu düşmənə və ümumilikdə bütün dünyaya öz gücünü göstərdi. Bu sübut olunmuş fakt tarix boyu Azərbaycan gənclərinin formalaşmasında əsas amil rolunu oynayacaqdır.
Göründüyü kimi gənclərə qayğı və onların formalaşmasının təmin olunması o qədər də asan proses olmayıb dövlət qayğısı ilə valideynlərin, müəllimlərin, ümumilikdə isə cəmiyyətin hər bir yaşlı üzvünün vəhdət kimi çalışmasına əsaslanır. Qəbul olunmuş dövlət proqramlarının, sərəncamların və həyata keçirilən digər tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi isə bizdən müvafiq biliklər tələb edir.
Çapay Quliyev
Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru,
Psixologiya üzrə fəlsəfə doktoru