“Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” üçcildlik təfsirin təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində dünyanın tanınmış irfan alimlərindən olan Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) adlı üçcildlik təfsirinin təqdimatı olub.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Ali Məclis Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib və həmin dövrdən nəzərdə tutulan vəzifələrin icrasına başlanılıb. Ötən müddət ərzində AMEA Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin öyrənilməsi üçün 7 nəfərdən ibarət tədqiqat qrupu yaradılıb, Türkiyə Respublikasının Konya şəhərinə tədqiqatçı-mütəxəssislər göndərilib. Səfər çərçivəsində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans keçirilib. Eyni zamanda nümayəndə heyəti Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Ağşəhərdə Nemətullah Naxçıvani adına İmam Hatib dini orta məktəbində olub. Ağşəhər bələdiyyəsi Türkiyədə çap edilmiş Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı beşcildlik təfsirini nümayəndə heyətinə təqdim edib.
Qeyd edilib ki, müvafiq sərəncamın icrasına uyğun olaraq Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfranslar keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə konfrans materialları əsasında “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” adlı kitab nəşr edilib. Bundan əlavə, Bilik Fondu AMEA Naxçıvan Bölməsinin hazırladığı “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitabın, həmçinin bu gün təqdimatı keçirilən alimin türk dilindən tərcümə edilən “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı üçcildlik təfsirinin də nəşrini həyata keçirib. Sərəncamın icrası məqsədilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filmi hazırlanıb, mətbuat materialları və keçirilən tədbirlər işıqlandırılıb. Akademik İsmayıl Hacıyev mükəmməl ümumiləşdirmənin zəngin bəhrəsi olan üçcildlik təfsirin işıq üzü görməsinə, Nemətullah Naxçıvani irsinin öyrənilməsi və təbliğinə göstərdiyi yüksək diqqət və qayğıya görə bütün elm və ictimaiyyət nümayəndələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək muxtar respublika rəhbərinin şəxsi təşəbbüsü ilə, tövsiyə və tapşırıqlarına əsasən qədim diyarın tarixinin, görkəmli tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin, siyasi, elmi, ədəbi irslərinin tədqiqi və təbliği istiqamətində görülən çoxsaylı tədbirlərdən danışıb. Bildirib ki, Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi nəinki Azərbaycan və Türkiyədə hətta bütün dünyada tanınır və böyük ehtiramla anılır. Onun Azərbaycan, ərəb, fars və türk dillərində yazdığı əsərləri hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır. Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun köməyi ilə Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazma nüsxəsinin elektron variantı AMEA Naxçıvan Bölməsinə təqdim edilib.
Qeyd olunub ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa və bütünlükdə müsəlman dünyasına ən böyük töhfədir. Orijinal əl yazısı ərəb dilində olan bu əsər Topqapı sarayı III Əhməd xan kitabxanasında mühafizə edilir. 1908-ci ildə Türkiyədə Osmaniyyə mətbəəsində 2 cilddə nəşr olunub. Əsər “Qurani-Kərim”in 114 surəsinin təfsirini əhatə etməklə, insanı kamilliyə aparan yoldan, Allahın qüdrətindən və peyğəmbərlik məqamının yüksəkliyindən bəhs edir.
Vurğulanıb ki, üçcildlik təfsirin Azərbaycan dilində ilk nəşri din tarixində xüsusi əhəmiyyəti ilə seçilir. Məşhur din alimi Nemətullah Naxçıvaninin təfsirinin digər təfsirlərdən üstünlüyü ondadır ki, Quran surələrinin hər ayəsinin izahı ayrı-ayrı verilib, İslam tarixində ilk mükəmməl təfsir hazırlanıb. Nemətullah Naxçıvaninin təfsirinin tərcüməçisi AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova bu işi ilə Azərbaycan mənəvi fikir tarixinə böyük töhfə verib. Ali İhsan Turcanın türk dilinə tərcüməsi əsasında hazırlanan bu nəşr sadə və anlaşıqlı olması, dini ifadə və ibarələrin düzgün seçilməsi ilə fərqlənir.
Tədbirə onlayn şəkildə qoşulan, təfsiri orijinal nüsxədən türk dilinə tərcümə edən din alimi Ali İhsan Turcan, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şuranın sədri Sahib Məmmədov və təfsiri türk dilindən tərcümə edən, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək görkəmli İslam aliminin həyat və fəaliyyətindən, keçirilən tədbirlərdən, nəşrin əhəmiyyətindən, təfsirlərin mahiyyətindən geniş söhbət açıblar.
Sonra Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı üçcildlik təfsirindən ibarət sərgiyə baxış olub.
"Şərq qapısı" qəzeti