Naxçıvanlı tədqiqatçılar beynəlxalq konfransda iştirak edib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, beynəlxalq konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, institut əməkdaşlarından Turan Həşimova və Elmar Baxşəliyev iştirak ediblər.
Konfrans Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun, Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin, Şərq Əlyazmaları İnstitutunun və Dövlət Ermitajının birgə təşkilatçılığı ilə baş tutub. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Mərkəzi Asiyanın qədim və orta əsr mədəniyyətləri (şəhərləşmə və maldar cəmiyyətlərin təşəkkülü, inkişafı və qarşılıqlı əlaqəsi)” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda Naxçıvanın qədim dövr arxeologiyası ilə bağlı ən son elmi yeniliklər beynəlxalq elmi ictimaiyyətə təqdim olunub, Naxçıvan arxeologiyası ilə bağlı çoxsaylı suallar cavablandırılıb.
Konfransın Təşkilat Komitəsi tərəfindən professor Vəli Baxşəliyevin “Naxçıvanın Neolit mədəniyyətinin Orta Şərqlə əlaqələri” və dosent Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərqlə əlaqələri” adlı elmi məqalələri Ümumrusiya Elmi Tədqiqatlar Cəmiyyəti tərəfindən Moskva şəhərində keçirilən müsabiqəyə təqdim edilib.
518 tədqiqatçının iştirak etdiyi “Elmi-tədqiqat işlərinin 31-ci beynəlxalq müsabiqəsi”ndə Naxçıvanlı tədqiqatçıların məqalələri maraqla qarşılanıb və arxeologiya üzrə məqalələr nominasiyasında II dərəcəli diplomla təltif edilib, konfransda uğurla iştirak edən alimlər sertifikatla mükafatlandırılıb.