Lütfi Zadə əsl insan, bənzərsiz alim ömrü yaşadı. Qeyri-səlis məntiq nəzəriyyəsi Lütfi Zadəni dünyada tanıtdı. Həm elmdə, həm də insanın həyata fəlsəfi baxışında bu nəzəriyyə böyük inqilab yaratdı.
O, Azərbaycanı çox sevən, azərbaycanlı olması ilə fəxr edən böyük vətənpərvər insan idi. Şöhrətin zirvəsində dayanan Lütfi Zadə heç bir zaman vətənini unutmadı.
Dünya şöhrətli azərbaycanlı alim Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə) 1921- ci il fevral ayının 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini Bakıdakı 16 saylı orta məktəbdə almışdır. O, kiçik yaşlarından elmə böyük maraq göstərirdi. Lütfi Zadə 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Tehrana köçdükdən sonra isə orada ingilis təmayüllü məktəbdə oxuyub. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orta təhsilini tamamladıqdan sonra, Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Lütfi Zadə 1942-ci ildə həmin universitetdə təhsilini uğurla başa vurub, 1944-cü ildə isə Amerika Birləşmiş Ştatlarına gedərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1946-cı ildə bu ali təhsil müəsisəsini bitirərək magistr dərəcəsi alan Lütfi Zadə, həmçinin 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində fəlsəfə elmləri üzrə doktor elmi dərəcəsi də alır. Artıq o, 1957-ci ildə elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur. Həmin vaxt Lütfi Zadə məşhur alim Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya - Berkli Universitetinə dəvət alır. 1959-cu ildə isə Lütfi Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür və ömrünün sonuna qədər Berkli Universitetində professor olaraq çalışır.
1965-ci ildə Kaliforniya Universitetinin Elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı Lütfi Zadə “İnformation and Control” jurnalında qeyri- səlis çoxluqlara aid “Fuzzy Sets” məqaləsini çap etdirir. Böyük tarixi əhəmiyyətə malik bu məqalə elmdə yeni bir istiqamətə təkan verir.
Bu gün dünya elmində Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran isə qeyri-səlis məntiq nəzəriyyəsidir. Qeyri -səlis məntiq nəzəriyyəsi uzun illər Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, 1980-ci illərdə yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın “Honda” mükafatı ilə təltif olunur. Sonralar amerikalılar da bu nəzəriyyədən yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.
Lütfi Zadənin istər məntiq, istərsə də riyaziyyat elminin inkişafına yol açaraq onların yeni formasını ortaya qoyan qeyri – səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyələrinin praktiki tətbiqləri artıq göz önündədir. Hər iki nəzəriyyə XXI əsrin ruhuna tam uyğun gələn texnologiyaların yaradılmasında önəmli rol oynayır.
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi olan Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 97 yaşında dünyasını dəyişib. Alimin vəsiyyəti Azərbaycanda dəfn olunması idi. Sentyabrın 29- da alimin nəşi Vətənə gətirilərək I Fəxri Xiyabanda dəfn edilir.
Böyük alim dünya elminin inkişafına mühüm töhfələr veribdir. Onun nəzəriyyələri hələ də dünya alimləri tərəfindən araşdırılır, tədqiq edilir və elmi istiqamətlərdə tətbiq edilərək uğurlu nəticələr alınır. Bu da istehsalatda böyük iqtisadi səmərə əldə etməyə imkan verəcəkdir. Lütfi Zadə və onun elmi istiqaməti, nəzəriyyələri bu sahədə tədqiqatlar aparan alimlərin fəaliyyətində davam edəcək.
Nazilə Muradova
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent