“Arıçılıq təsərrüfatlarında yaz işləri” mövzusunda təlim keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasında  keçirilən  təlimdə arıçı sahibkarlar iştirak edib. Muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışan universitetin rektoru Elbrus İsayev qeyd edib  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə ali təhsil ocağında da bu istiqamətdə tədbirlər keçirilir. Universitetdə  Baytarlıq ixtisası üçün ayrıca binanın mövcudluğu göstərilən dövlət dəstəyinin birbaşa təzahürüdür. Bildirilib ki, hər il keçirilən “Arıçılıq məhsulları-bal festivalı”nın iştirakçısı olan universitet ötən ildə festivalın qalibi kimi I dərəcəli diplomla təltif edilib.

Naxçıvan Muxtar Respublikası “Arıçıları İctimai Birliyi”nin sədri Etibar Məmmədov  universitetlə birgə keçirilən təlimin arıçılar üçün əhəmiyyətli olacağını  deyib.

Təlimdə “Baytarlıq təbabəti” kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əli Tahirov “Erkən yaz dövrü ana arının yetişdirilməsi”, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov isə “Arıçılıqda yaz qayğıları”ndan söz açıb.   Qeyd  olunub ki, arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.

Sonra Arıçılıq problemləri laboratoriyasında olan qonaqlar universitetdə olan arıçılıq ləvazimatları ilə tanış olublar. Sonda təlim iştirakçılarına universitet tərəfindən sertifikatlar təqdim olunub.

                                                            Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: