Naxçıvanda ilk dəfə məktəblilər arasında “Mental Aritmetika” müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin müavini Heyran Əhmədova çıxış edib, muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində ötən müddət ərzində ümumilikdə 45-dən çox innovativ dərnək yaradılıb, həmin dərnəklər lazımi avadanlıqlarla təchiz olunub. Yaradılan innovativ dərnəklər sırasında şagirdlərin zehni bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayan Mental-Aritmetika dərnəyinə şagirdlərin marağı daha çox olub, qısa müddət ərzində 200-dən çox şagird həmin dərnəklərə cəlb olunub. Qeyd olunub ki, məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Mental- Aritmetika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilib, təlimlərdə muxtar respublika üzrə 30-dan çox müəllim iştirak edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli artırılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə inkişaf etdirməkdən ibarət olub.
Qeyd edək ki, 2 mərhələdə keçirilən müsabiqədə ümumilikdə 200 şagird iştirak edib. I mərhələdə iştirakçılara 20-si Anzan proqramında, 10-u isə abakda olmaqla ümumilikdə 30 sual təqdim olunub. İştirakçılara suallar elektron lövhədə səsli musiqi, melodiya və abak hesablama aləti ilə təqdim olunub. Müsabiqənin şərtlərinə görə elektron lövhədə tək və cüt rəqəmli zehni toplama və çıxma əməllərini ən azı 3, ən çoxu 10 say hesabı ilə yerinə yetirərək cavablandıran iştirakçı ən yüksək xal toplayaraq qalib olub.
I mərhələdə 6-9 yaş kateqoriyası üzrə 1-ci turda 80, 10-14 yaş kateqoriyası üzrə 2-ci turda 120 şagird iştirak edib. İştirakçılardan 6-9 yaş və 10-14 yaş kateqoriyası üzrə ən yüksək xal toplayan 30 şagird muxtar respublika mərhələsində yarışmaq hüququ qazanıb.
II mərhələ-muxtar respublika mərhələsində isə toplanan xal hesabına görə I, II və III yerlərin hər biri üçün 1 yer müəyyən edilib.
Müsabiqənin sonunda qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Adilə Səfərova