Naxçıvanın muxtariyyəti ölkəmizin tarixi nailiyyətidir - FOTOLAR
Naxçıvanın muxtariyyəti Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyətlərdən biridir. Naxçıvanın muxtariyyəti hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxıb, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu fikirlər bölmədə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransda çıxış edərək Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın tarixində böyük əhəmiyyət kəsb etdiyini və xalqımızın həyatında əlamətdar hadisə olduğunu bildirib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının keçdiyi çox mürəkkəb tarixi inkişaf yoluna nəzər salan alim muxtariyyət statusunun qazanıldığı ərəfədə bölgədə mövcud olan ağır siyasi vəziyyətdən danışıb. Qeyd edib ki, hələ XIX əsrdə Azərbaycan torpaqlarına köçürülən və havadarları sayəsində özlərinin dövlətini yaratmağa çalışan ermənilərin daha da fəallaşması, Naxçıvanı Azərbaycandan qoparmaq məqsədilə tutarsız ərazi iddialarının qəsdən ortaya atılması və məsələnin ermənilərin xeyrinə həll edilməsi siyasətinin yürüdülməsi Naxçıvanı olduqca çətin vəziyyətə salmışdı.
Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında Behbud ağa Şahtaxtınskinin mühüm rol oynadığını diqqətə çatdıran akademik bildirib ki, onun Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri V.Leninə göndərdiyi məktub və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlıq ifadə olunub, həmin ərazilərin milli tərkibi və coğrafiyası haqqında ətraflı məlumat və bölgə ilə bağlı faydalı təkliflər əks edilib. Məhz Behbud ağa Şahtaxtınskinin təklifləri sayəsində V.Lenin məsələnin Siyasi Büroda müzakirə edilməsi barədə göstəriş verib.
Çıxışında Moskva və Qars müqavilələrini xatırladan İsmayıl Hacıyev bildirib ki, bu müqavilələr sayəsində Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilib. Sovet Rusiyasının, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni daşnaklarının ciddi cəhdlərinə və silahlı təxribatlarına baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyənin prinsipial mövqeyi və Behbud ağa Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb.
Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan siyasi sabitlik və hərtərəfli inkişafa diqqət çəkən İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş yeni Konstitusiyada dəqiq şəkildə müəyyən olunub. Müstəqillik illərində çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunub və hərtərəfli inkişafı təmin edilib.
1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Vasif Talıbovun Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdiyini söyləyən alim 25 il ərzində muxtar respublikada həyata keçirilən məqsədyönlü addımlardan söz açıb. Muxtar respublikanın beynəlxalq arenada tanındığını, bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradıldığını, ərazi, qida və enerji təhlükəsizliyinin tam təmin olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
“Muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinin ən bariz göstəricisidir”, - deyən İsmayıl Hacıyev qeyd edib ki, ardıcıl, düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu gün Naxçıvan özünün hərtərəfli inkişaf dövrünü yaşayır.
Konfransda “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov ötən əsrin əvvəllərində Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi Naxçıvanda mövcud olan gərgin ictimai-siyasi vəziyyət, erməni quldurlarının xalqımıza qarşı törətdikləri qırğınlar, baş verən hadisələr fonunda Azərbaycan xalqının düçar olduğu çətin sosial vəziyyətdən danışıb. Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağa qarşı erməni iddialarından bəhs edən tədqiqatçı, sovetləşmə dövründə bu iddiaların daha da genişləndiyini və ozamankı sovet rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzurun Ermənistana verilməsilə Naxçıvanın muxtariyyəti məsələsinin gündəliyə gəldiyini qeyd edib.
Məruzədə vurğulanıb ki, Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Moskva və Qars müqavilələrinin rolu danılmazdır. Qars müqaviləsinin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün böyük əhəmiyyət kəsb edib. Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun həll olunub, Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşıb.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Moskva və Qars müqavilələri və Naxçıvanın ərazi taleyi” və kiçik elmi işçi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə gərgin siyasi müzakirələr şəraitində müəyyənləşdirilən Naxçıvan muxtariyyətinin tarixi zərurət olması, sonrakı dövrdə bu problemin Moskva və Qars müqavilələri ilə Azərbaycanın xeyrinə həll edilməsi, müqavilələrin şərtləri və bölgə üçün perspektivləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə muxtariyyətin ikinci mərhələsi başlayıb, gərgin ictimai-siyasi vəziyyətin əksinə olaraq siyasi sabitlik təmin edilib və iqtisadi-mədəni inkişaf yolunda mühüm addımlar atılıb. Naxçıvan bölgəsinin muxtariyyət statusunun beynəlxalq müqavilələrlə təsbit olunduğu bütün dünyaya bəyan edilib. Naxçıvanın muxtariyyət statusu əsl bəhrəsini müstəqillik dövründə verib, Azərbaycanın müstəqilliyi Naxçıvanın muxtariyyətinin hüquqi cəhətdən qorunmasının qarantı olub. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində imzalanan birgə bəyanatın 9-cu bəndinin Naxçıvanla bağlı olması və Azərbaycan tərəfinin təkidi ilə sözügedən bəyanata belə bir bəndin salınması həm Naxçıvan, həm bütövlükdə Azərbaycan, həm də türk dünyası və Şərq-Qərb nəqliyyat dəhlizi üçün çox mühüm əhəmiyyət kəsb edir. Sazişin bu bəndində nəzərdə tutulanların həyata keçirilməsi prosesi çərçivəsində yolun açılması Naxçıvanı blokadadan çıxarmaqla, onun “Şərqin qapısı” funksiyasını özünə qaytaracaq.