Naxçıvan muxtariyyətinin beynəlxalq tarixi əhəmiyyəti - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Naxçıvan muxtariyyətinin beynəlxalq tarixi əhəmiyyəti” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə universitetin rektoru Elbrus İsayev 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən - Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. Rektor Qars müqaviləsinin Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olduğu bildirilib. Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2021-ci il fevralın 8-də tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini qeyd edib.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Unitar dövlətlərdə muxtariyyətlər və Naxçıvan Muxtar Respublikası”, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Şamxal Məmmədov “Naxçıvan muxtariyyəti beynəlxalq müqavilələrdə” , fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayev “Naxçıvanın tarixi-coğrafi şəraiti ilə bağlı muxtariyyət statusunun əhəmiyyəti” ilə bağlı çıxışı dinlənilib.
Qeyd edilib ki, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib.
Telli Əlizadə