Günün şeiri - Naxçıvanım

A- A A+

Yarandığı gündən bəri hər zaman yaradıcı insanlara ilham verən qədim  Naxçıvanımızla bağlı çoxsaylı ədəbiyyat nümunələri yazılıb, yüzlərlə rəsm əsəri çəkilib, saysız musiqilər bəstələnib. 

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamıza həsr olunmuş şeirlərdən bir neçəsini oxucularına təqdim edir:

 

Mənim Naxçıvanım

Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır,

Doğma Şahbuzum da, Naxçıvanım da.

 

Bir bağban əli var təbiətində-

Dağda çiçəyi bol, bağda barı bol.

O, yaxın dostudur təbiətin də

Yayda günəşi bol, qışda qarı bol.

 

Mən burdan baxıram bütün aləmə,

Bu yerin qışı da yazımdır mənim.

Axan çaylarına lal sudur demə,

Onlar min nəğməli sazımdır mənim.

 

Seyr elə Arazı bir yaz səhəri,

Bir tarix dil açır onun səsində.

Bu yerin min dərdi, min də kədəri

Yazılmış Atabəy məqbərəsində.

 

Yaxşı bax, hər qara  qayanın, dağın,

Dibi Zərdüştlərin ocaq yeridir.

O gündən üstündə ana torpağın

Qalan min yağının ləpirləridir.

 

Biz nöqtə qoymuşuq acıya, dərdə

Ömrü ulduzlardan almışıq indi.

Babamız qəm əkib, qəm biçən yerdə

Çiçəkli bağ-bağat salmışıq indi.

 

Hanı Qəmküsarın qəm şəlaləsi,

Qəlbində apardı neçə dərdi o.

Çatsa qulağına bu günün səsi,

Ayılıb adını dəyişərdi o.

 

Şəhərim çırağban, kəndim çırağban

Kəhkəşan sinəmdən nur alsın deyir,

Onun gecəsinin işıqlarından

O tayın gündüzü işıq istəyir.

                                                             Məmməd Araz

 

                Naxçıvan

  Şərqin qapısında ucalan diyar,

 Araz tək gümüşü bir kəmərin var.

 Sevimli Naxçıvan, ey gözəl Vətən,

 Bu bayram günündə əlvan geyin sən.

 

Qoynunda çıxdıqca hər gün seyrə biz,

 Fərəhdən bir dağa dönür qəlbimiz.

 Könülü şən ol hər zaman,

 Doğma Naxçıvan.

 

 Gör nə çalır könül simi,

Şeirə verdim mən eşqimi.

Mirzə Cəlil, Bəhruz kimi

Sənətkarlı Naxçıvanım.

 

Şöhrətim, şanım,

 Doğma məkanım.

Sən nə gözəlsən,

Ey Naxçıvanım,

 Azərbaycanım.

 

 Mən neylərəm sənsiz görən?

 Doymaz səndə ömür sürən,

 Xalqımıza könül verən,

 Xoş baharlı Naxçıvanım.

                                         İslam Səfərli

 

      Muxtar respublikam

Baxma  xəritədə  bu qədim diyar

Kiçik bir nöqtəylə qeyd edilibdir.

Bu yurdun qolunda  aslan gücü var,

Burdan cahangirlər peşman gedibdir.

 

Durur minarələr, vüqarla durur,

 Köksündə gülləylə vursa  da yağı.

Böyük Əcəmidən öyrənib  onlar,

Düşmən qabağında mətin durmağı.

 

Bilinmir bu yerdə kəkliyin sanı

Düşünmə, hənadır dırnaqlarında,

 Onlar el uğrunda tökülən qanı

 Yadigar saxlayır ayaqlarında.

 

 İtirib döyüşdə qardaş-qardaşı,

 Muzeydə  saxlanan qanlı beşikdir.

 Burdakı qayanın, burdakı daşın

 Sinəsi güllədən deşik-deşikdir.

 

 Qəm yerə quylanıb şiş qayasında,

O gündən bu günə vüqar qalıbdır.

 Odlar diyarının bu parçasında

 Şadlıq qranitdən qoparılıbdır.

 

 Bu yerlər qıy vuran qartal yeridir,

 Dostlar qonaq gəlsin qoy dəstə-dəstə.

 Bu qədim Naxçıvan gül çələngidir,

Məğrur bir vətənin qolları üstə.

                                        Əliyar Yusifli

 

 Mənim Naxçıvanım

 Mənim Naxçıvanım, ana vətənim,

 Daşın, torpağın da əzizdir mənə.

 Övlad anasına söz qoşsa əgər,

 Yorulmaz vəsfindən yüz il də yenə.

 

 Muxtar  respublikam, vüqarım mənim,

 Sal duzun, “Badamlı”n sonsuz sərvətim.

 İgid, alnı açıq övladlarınla

 Yayılıb dünyaya sənin şöhrətin.

 

 Burada bulaq var ki, dərdlər əlacı,

 Burada yaylaqlar loğmandır, loğman.

 Sənin dağlarında gül iyləyən kəs

 O xoş rahiyəni unutmaz bir an.

 

Burada qartallar qıy vursa əgər,

 Şimşəklər oynayar, qayalar uçar.

 Koroğlu dövründən  qalan dağları,

 Günəş ilkin öpər, şəfəqlər saçar.

 

 Nizami dövrü ilə gəlib üz-üzə,

 Qalalar önündə qala olarsan.

 Belə od ürəkli ana torpağa,

 Sən də od ürəkli bala olarsan.

 

 Əlincə qalası əzəmətiylə,

 Ölməz Nəiminin vüqarıdır, bax.

Deyirəm zamanın hökmünə əhsən,

 Min illik tarixdir bir qarış torpaq.

                                            Elmira Qasımova

 

 Bura Naxçıvandır

 Bura Naxçıvandır,

 Burdan təbiət

 Əsirgəməyibdir

 Heç bir varını.

Ucalıq istəsən

 Haçadağa get,

Özündə saxlayır

 Şah vüqarını.

 

 Əlincə mərdlərin

 Haray səsidir.

Köksündə izi var

 Elin-elatın.

 Ötən əsrlərin

 Nişanəsidir.

 Daşların qeyrətidir

 Mömünə Xatın.

 

Ordubad dağları

Bir möcüzədir.

 Yaşadır sevinci,

 Qəmi, qayada

Yaz ilə qış gəlib

 Qoşa dayanıb,

 Nuh çıxan məkanda,

 Gəmiqayada.

 

 Dan üzü bu yerdə

 Qızıla çalır.

 Çölün, çəmənin də

 Zərli şehi var.

 Culfa hər görənin

 Yadında qalır,

 Culfada bir az da

 Araz mehi var.

  Dar gündə əlinə

 Silahın alıb.

 Danışıb Sədərək,

 Dinib Sədərək.

 Döyüşdə düşmənə

Qələbə çalıb,

 Qeyrət qalasına

 Dönüb Sədərək.

 

 Şərur bir cənnətdir,

 Bağçalı, bağlı.

 Deyin, gözəllikdə

Ona tay hanı?

 Dağında, daşında

 Nəğmə səsi var,

 Şərurun yallısı

Gəzir dünyanı.

 

 Necə əfsunlayır

 Yoldan keçəni,

Suya bax, dup-duru,

 Lap göz yaşıdır.

 Şahbuzda təbiət

 Min rəngə çalır,

 Şahbuz gözəlliyin

 Mərcan qaşıdır.

 Əzəmət rəmzidir,

 Qürur rəmzidir,

 Qəhrəman adını

Daşıyan Babək.

Dönüb gülüstana

Gözü oxşayır,

Öz gənclik ömrünü

Yaşayan Babək.

 

 Kəngərli görəni

 Heyran eyləyir,

 Xeyir –bərəkətdir

Torpağı-daşı.

 Burda Şərur mehi

 Üzünə dəyir,

 Kəngərli-Şərurun

 Kiçik qardaşı.

 

 Bura vətənidir

Qopuzun, sazın.

 Adını yaşadan

 Yüz qalası var.

Cəlilin, Cavidin,

 Məmməd Arazın

 Qədim Naxçıvanda söz qalası var.

 

 Batabat-məskəni

 Gözəlliklərin...

 Bunu Zorbulaqdan

 İçənlər bilər.

 Naxçıvan qədrini

Əshabi-Kəhfdən,

 Salvartı dağından

 Keçənlər bilər.

 

 Bərəkət hopubdur

 Hər qarışına.

 Duz dağın min ildi

 Duzu tükənmir.

 Naxçıvan çatsa da

 Beş min yaşına,

 Nəğməsi tükənmir,

 Sözü tükənmir.

                   Vaqif Məmmədov 

                                         

Əbədi ünvanım mənim

 Naxçıvanım mənim,

 Naxçıvanım, şanım mənim!

 Qəlbimin şah damarında

 Axan təmiz qanım mənim!

 İftixarım, şərafətim,

 Basılmaz ad-sanım mənim!

 Sən ecazkar tariximin

 Möhtəşəm bir səhifəsisən.

 Azadlığın bayraqdarı,

 İnqilablar müjdəsisən.

 

Dost üzünə gülər gözüm,

 Düşmənə şah sözüm mənim!

 Lap ölüm ayağında da

 Birsifətli üzüm mənim!

 Sən halallıq ocağısan,

 Onunçün də haqq sənindir.

 Tanrının pak qucağı tək

 Azərbaycan vətənindir.

 Köküm, soyum, izim mənim,

 Rəngim, ruhum, özüm mənim,

 Günəşli gündüzüm mənim!

 

Min illərdir yol gəlirsən

zülmətləri yara-yara

 Sən tarixə bəyan etdin:

 Millət hara?! Kölə hara?!

 Ey şəhidlər qanı ilə

 Yoğrulan torpağım mənim!

 Fırtınalar qucağında

 Sönməyən çırağım mənim!

 Sən cahana sığışmayan

 Özün boyda bir qüdrətsən!

 Sən peyğəmbərlər vətəni,

 Bir müqəddəs məmləkətsən!!!

 

Ucalığım, tacım mənim,

 Hər an ehtiyacım mənim,

 Dar günüm, ağır çağımda

əlacım, ilacım mənim!

Nur çilədin qoca Şərqə

Tarix boyu öz zəkanla.

Diz çökdürdün düşmənini

Pozulmaz bir ehtişamla.

 

 Bu dünya bir cənnətdirsə,

 O cənnətin qapısı sən!

 Varım, yoxum-nəyim varsa,

 Cümləsi sən, hamısı sən!

 Yaşa xoşbəxt anım mənim-

 Əbədi ünvanım mənim-

 Doğma Naxçıvanım mənim!!!

                       Xanəli Kərimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: