Naxçıvanda Respublika fənn olimpiadalarının şəhər və rayon mərhələsi keçirilir - FOTOLAR
Fevralın 10-dan başlayaraq üç gün ərzində muxtar respublikada IX-XI sinif şagirdlərinin iştirakı ilə 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilir. Şagird sıxlığının minimuma endirilməsi məqsədi ilə müvafiq fənlər üzrə olimpiadalar fərqli günlərdə təşkil olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, olimpiadada qrafikə uyğun olaraq fevralın 10-da riyaziyyat və kimya fənləri üzrə 273, fevralın 11-də fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə 201, fevralın 12-də isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 228 olmaqla, ümumilikdə, 702 şagirdin iştirakı nəzərdə tutulub.
Fevralın 10-da kimya və riyaziyyat fənləri üzrə olimpiada keçirilib. Şagirdlərə öz biliklərini nümayiş etdirmələri üçün kimya fənni üzrə 90, riyaziyyat fənni üzrə isə 150 dəqiqə vaxt verilib.
Olimpiadada şagirdlərə qapalı test formasında 25 sual təqdim edilib, hər sual 4 balla qiymətləndirilib. Dörd səhv cavab 1 düz cavabı aparır.
Qeyd edək ki, bu tədris ilində keçirilən məktəblilərin muxtar respublika fənn olimpiadasında 11 şagird birinci, 11 şagird ikinci və 20 şagird üçüncü yerlərin qalibi olub.