Elmi əsərlərinin nəşri ilə fərqlənən professor-müəllim heyəti mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 11-də Naxçıvan Dövlət Universitetində Web of Science, Scopus və sahə indeksli bazalarda yer alan jurnallarda fəal iştirak edən müəllim heyəti ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağının dünya universitetləri ilə rəqabət imkanını təmin edə biləcək maddi-texniki bazası mövcuddur. 2020-ci ildə universitetin professor-müəllim heyətindən 55 əməkdaşın 67 elmi məqaləsi beynəlxalq elm bazalarında nəşr olunub. Bu elmi məqalələrin 12-i Web of Science, 7-i Scopus, 14-ü isə sahə indekslidir. Bu da onu göstərir ki, universitet əməkdaşları onlar üçün yaradılan əlverişli mühitdən bəhrələnib. Rektor bildirib ki, əməkdaşların nüfuzlu jurnallarda dərc etdirdiyi məqalələr ingilis, rus və türk dillərində olub. Bu məqalələr Rusiya, İsveçrə, Hindistan, Bolqarıstan, İngiltərə, Türkiyə, Ukrayna, Estoniya, Tailand, Çin, Polşa, Xorvatiya və Azərbaycan mərkəzli jurnallarda nəşr edilib.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov universitetin beynəlxalq əlaqələrinin genişlənməsindən danışıb və əcnəbi tələbələrin artım dinamikasını muxtar respublikanın dayanıqlı inkişafı, sosial həyat şəraiti, təhlükəsizlik mühitinin bəhrəsi olaraq dəyərləndirib. Xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində əhəmiyyətli rol oynadığı vurğulanıb, ali təhsil ocağının beynəlxalq reytinqdə layiqli yer tutması üçün kollektivin birgə səmərəli fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd edilib. Yaradılan şərait, qurulan infrastruktur, müəllimlərin elmi tədqiqat və layihələri universiteti daim irəli aparmalıdır, - deyən Seymur Talıbov elmi məqalə dərc etdirməkdə fərqlənən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rza Məmmədov, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, Bələdiyyə və turizm kafedrasının müdiri, baş müəllim Flora Kərimova, "Botanika" ixtisası üzrə dissertant Aysel Heydərova yaradılan hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildiriblər.    

Sonra elmi məqalələrin xarici elmi nəşrlərdə dərcinə görə fərqlənən müəllimlər universitet tərəfindən diplom və plaket ilə təltif olunublar. Həmin əməkdaşların əməkhaqqı kartlarına mükafat köçürülüb.

Tədbirdə professor-müəllim heyətinin beynəlxalq nəşrlərdə işıq üzü görmüş elmi əsərləri və patentləri sərgilənib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: