AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin aktuallığına və elmi əhəmiyyətinə görə Hindistanın məşhur “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilib. Bu barədə Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.
Bildirilib ki, Günel Məmmədova Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, Niderland, Rusiya, Türkiyə, Çin və digər ölkələrin nümayəndələrinin yer aldığı beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunan ilk azərbaycanlı tədqiqatçıdır. Həmçinin alim İngiltərə, Amerika Birləşmiş Ştatları, Rusiya, Sinqapur və Fransada fəaliyyət göstərən beynəlxalq elmi jurnalların redaksiya heyətinin də üzvüdür.
1985-ci ildən dərc olunan və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər siyahısına daxil olan jurnal “Clarivate Analytics” indekslidir və dünyanın bir çox milli, o cümlədən beynəlxalq elmi qurumları tərəfindən tanınır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edən alimin apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir sıra xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb.