Naxçıvan Qarnizonu tam orta məktəbi Qrant müsabiqəsində “Vətənimizə xidmət edək” layihəsi ilə qalib gəlib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu tam orta məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan edilmiş inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində “Vətənimizə xidmət edək” layihəsi ilə qalib gəlib.
Ötən il oktyabr ayının 15-dən icrasına başlanan layihə çərçivəsində milli vətənpərvərlik ruhunda müxtəlif tədbirlər, şəhid ailələri ilə görüşlər, şagirdlərlə təlim-məşğələ, intellektual hərbi-idman viktorinası, hərbi mahnılar və marşlar günü keçirilib. Layihəyə uyğun olaraq, məktəbdə yaradılan tirdə pnevmatik tüfəng və tapançadan istifadə etməklə şagirdlərin hədəfi düzgün nişan almaq və silahlarla davranış qaydaları mövzusunda təlimlər keçirilib. Gənclərin çağırışaqədərki hazırlığı proqramı çərçivəsində sıra hazırlığı məşğələləri və müxtəlif mövzularda onlayn dərslər təşkil olunub.
Layihənin icrası Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbiri ilə başa çatıb. Bir qrup Vətən müharibəsi iştirakçısının da dəvət edildiyi yekun tədbirində Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri Vətənimizə həsr olunmuş şeirlər səsləndirib, musiqili ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Nəriman Nəcəfov