NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən konfransda bu barədə danışılıb.
Dilin xalqın varlığı, milli pasportu olduğunu diqqətə çatdıran Bölmənin sədri, akademik İsmayıl Hacıyev XVI əsrdə Səfəvilər İmperiyası dövründə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxdığını, SSRİ dövründə də öz qüdrətini saxladığını və ana dilinin qorumasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib.
Bildirib ki, bu gün dünyada 200-dən artıq ölkənin və 70 rəsmi dövlət dilinin sırasında müstəqil Azərbaycan dilinin də yer alması qürurvericidir, ana dilimizin saflığı qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
Akademik muxtar respublikada da dilimizin qorunub inkişaf etdirilməsi tədbirlərindən bəhs edərək vurğulayıb ki, Naxçıvanda “Ana Dili” abidəsi ucaldılıb, gənclərin mütaliəsi və ana dilimizə məhəbbət ruhunda tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə Naxçıvanda oxunması zəruri olan kitabların siyahısının tərtib edilməsi də bu istiqamətdə atılan addımlar sırasında xüsusi əhəmiyyət daşıyır.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev və digərləri dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyindən danışıb, milli dəyərimiz olan ana dilimizin təkamülü və inkişafı ilə bağlı ətraflı çıxış ediblər.
Ərhan Novruzov