“Naxçıvan” Universitetində Beynəlxalq Ana Dili Gününə həsr edilən elmi konfrans keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Beynəlxalq Ana Dili Günü”nə həsr edilən elmi konfrans keçirilib.

Konfransda universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva Azərbaycan dilinin keçdiyi inkişaf yollarından, dilin xalq, millət üçün əhəmiyyətindən bəhs edib.

Ümummilli lider Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” sözlərini xatırladan rektor, SSRİ dövründə ana dilimizin öz qüdrətini qorumasında ulu öndərin müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, ümummilli lider 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində ilk dəfə SSRİ miqyasında yüksək vəzifəli şəxs kimi rus dilində deyil, öz ana dilində çıxış edib, həmçinin məhz onun iradəsi nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. Rektor ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, o cümlədən 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova “Çağdaş Azərbaycan dilinin aktual problemləri”, dosent Qənirə Əsgərova isə “Dilimizə dövlət qayğısı” mövzularında  çıxış ediblər.

Konfransın sonunda universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə üzərində “Naxçıvan” Universitetinin rəmzi olan hədiyyələr verilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: