Milli qeyrət simvolu – Ana dilimiz

A- A A+

UNESCO- nun 1999 – cu ilin noyabr ayında keçirilən 30-cu sessiyasında 21 fevral tarixinin Beynəlxalq Ana dili Günü kimi təsis edilməsi hər bir xalqın dil sevgisini, milli – mənəvi dəyərlərini qorumağı və çoxdilliliyi müdafiə etməyi özündə ehtiva edir.

21 Fevral dilimizin gözəlliklərini, incəliyini, saflığını, orijinallığını və müqəddəsliyini öyrədən və öyrənənlərin günüdür. Azərbaycan dili öz varlığını mənsub olduğu xalqla birlikdə inkişaf etdirərək dünyanın zəngin dillərindən birinə çevrilən, qədim tariximizi, mədəniyyətimizi, adət - ənənələrimizi yaşadan bir dildir.

Tarixin müxtəlif dönəmlərində dilimiz  yad təsirlərə məruz qalsa da, xalqın milli birliyi, milli qüruru dilimizi bütün təzyiqlərdən qoruyub. Bu işdə görkəmli dövlət xadimlərinin əvəzsiz xidmətləri olub.          

Azərbaycan dilinin dövlət dili statusuna malik olması çox böyük tarixi hadisə kimi dövlətçiliyimizin qələbəsidir. 

Dilin bu statusu millətin öz taleyinin sahibi olmasını və dövlətini qorumaq   qüdrətinə malik olduğunu, ən başlıcası dilinin orijinallığı və zənginliyinin təsdiqidir. Bu gün dilimizin dövlət dili statuslu dillər sırasında olması və onun milli qeyrət simvolumuza çevrilməsi yolunda dönməz iradə, cəsarət göstərmiş ümummili lider Heydər Əliyevin ana dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapmasındakı xidmətləri çox böyükdür.

Ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqın tarixi yaddaşının, dilinin, milli mentalitetinin qorunması sahəsində misilsiz xidmətləri olan dahi lider Heydər Əliyevin apardığı siyasətin başlıca istiqamətlərindən biri xalqımızın zəngin mənəvi irsinin qorunması, mədəniyyəti və dilinin inkişaf etdirilməsi idi.

Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda gedən milliləşmə prosesinə, 90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına rəhbərlik etməklə yanaşı, dil məsələsinə də xüsusi diqqət yetirərək böyük dil siyasətçilərindən biri olduğunu göstərdi. 1978-ci ildə konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi müddəanın salınması ümumilli liderin ana dilimizə tükənməz məhəbbətinin göstəricilərindən biridir. Sovet imperiyasının hər sahəyə ciddi nəzarətinin olduğu bir vaxtda digər müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda ana dilinə dövlət dili statusunun  verilməsi çox böyük hünər, sarsılmaz qətiyyət tələb edən bir addım idi.

Keçən əsrin 70-ci illərində Heydər Əliyevin atdığı bu qətiyyətli addımlar bugünkü azadlığımız və müstəqilliyimiz naminə hesablanmış uzaqgörən siyasətin bir hissəsi hesab edilməlidir.

XX əsrin son onilliklərində dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə- diplomatiya aləminə yol alması, nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi görkəmli dövlət başçısı H.Əliyevin adı, yorulmaz fəaliyyəti və dil siyasəti ilə bağlıdır.

Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən sayan H.Əliyevin  18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 4 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikası dövlət dil komissiyasının tərkibinin təsdiq edilməsi haqqında”, 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi barədə imzaladığı fərman və sərəncamlar dilimizin funksional imkanlarını genişləndirdi.

Azərbycançılıq ideologiyasını yeni yaranmış dövlətin ideoloji əsası qəbul edən ümummilli liderin 1995-ci ilin payızında- Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbulu ərəfəsində  dövlət dilinin adı ilə bağlı keçirdiyi müzakirələr dilimizin adının müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycan xalqının etnogenezisi və bugünkü etnososial strukturu kimi illər boyu mübahisəli məsələlərə aydınlıq gətirdi. Müstəqil dövlətimizin ilk konstitusiyası qəbul olunduqdan sonrakı dövrlərdə dil quruculuğuna yüksək önəm verilməyə başlanıldı. Azərbaycan  dilinin dövlət, cəmiyyət tərəfindən etibarlı müdafiəsi, gənc nəslin ana dilini mükəmməl mənimsəməsi üçün dilçilik elminin sistemli inkişafı, həmçinin tədris məsələlərini yüksək səviyyədə qurmaq da H. Əliyevin ana dili barədə siyasi, ideoloji düşüncələrinin mahiyyətini təşkil etdi.

Böyük dövlət xadimi Azərbaycan xalqının dilinə şöhrət qazandırdı, ardıcıl olaraq apardığı mükəmməl dil siyasəti nəticəsində öndəri olduğu xalqın öz keçmişindən, min illər boyu formalaşmış zəngin mədəniyyətindən, mənəviyyatından, dilindən ayrılmadan inkişaf etməsini, müasir yaşam texnologiyalarına yiyələnməsini təmin etdi.

Azərbaycan dili ilə bağlı vacib addımlardan biri ulu öndərin 2002-ci ildə imzaladığı “Dövlət dili haqqında “Azərbaycan Respublikasının Qanunudur. Bu qanun  milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşımaqla bərabər, həm də ana dilinə dövlət dili statusu qazandırdı. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının etibarlı şəkildə müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə qalmaqla, böyük dövlət əhəmiyyəti  daşıyıb.

Ölkəmizdə dillə bağlı dövlət siyasətinin bir böyük mərhələsi isə latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlıdır. Heydər Əliyev bu işi uğurla və vaxtında, həm də dövlətçilik ideyalarının gerçəkləşməsinin xronoloji ardıcıllığı sırasında həyata keçirdi.

Azərbaycan dilini Azərbaycan xalqının ən böyük sərvəti hesab edən H.Əliyev çıxışlarında həmişə vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır.

H.Əliyevin apardığı dil siyasətinin nəticəsi olaraq indi dilimizin cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları cəmiyyət həyatının hər bir sahəsində rahat şəkildə işlədilmə hüququ qazanıb.

Milli sərvətimiz olan ana dilimizin inkişafına yönəlmiş qərarların həyata keçirilməsi və bu tədbirlərin cəmiyyət tərəfindən birmənalı dəstəklənməsi ümummili liderin tarixi xidmətlərindən sayılır.

Dahi H.Əliyev dilimizi  elmi cəhətdən  əyani  şəkildə  təbliğ  edən yeganə şəxsiyyətdir. Hələ keçən əsrin 60-cı  illərindən  başlayaraq dilimizin saflığını qorumaq, onu inkişaf etdirmək üçün bu fenomen şəxsiyyət  siyasi çıxışlarını doğma dilimizdə etməklə hər bir kəsə dil sevgisini aşıladı. H.Əliyevin bir şəxsiyyət  kimi dilə  verdiyi dəyər  çoxcəhətlidir. Onun  dil siyasəti, dil mədəniyyəti  ilə  bağlı gördüyü hər iş, imzaladığı hər bir fərman və sərəncam uzaqgörənliyin təcəssümüdür. Siyasi çıxışlarının birində H.Əliyev gəncliyimizə dillə bağlı aşağıdakıları tövsiyə edir: ”Azərbaycan gəncliyi çalışmalıdır ki, dünyanın çox dillərini  mənimsəsin. Amma  bundan  əvvəl  öz ana  dilimizi, Azərbaycan dilini  mənimsəmək  lazımdır, bu  dildə yaxşı  danışmaq lazımdır, bu dili ana dili kimi  duymaq  lazımdır, bu dili  sevmək  lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”. “Azərbaycan” qəzetinin 15 avqust 2002-ci il tarixli nəşrində dahi H.Əliyevin verilmiş çıxışında onun dilimizlə bağlı söylədikləri dilin gələcək inkişafı istiqamətlərini müəyyənləşdirmiş oldu: ”Hər bir Azərbaycanlı  birinci növbədə  öz dilini bilməli, sevməlidir. Doğma dilimizdə həm danışmalı, həm oxumalı, həm də yazmalıdır”.

H.Əliyevin bu fikirləri  nəinki  azərbaycanlıları, hətta  Azərbaycanda  yaşayan qeyri millətləri bu dildə danışmağa sövq etdi.

“Hər  bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.

“Ana dilini  bilməmək , ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq arasında böyük qəbahətdir”.

“Azərbaycan dili bizi keçmişdə  də, indi də, gələcəkdə də birləşdirəcəkdir”.

“Öz ana dilini bilməyən adamlar  şikəst adamlardır”.

“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli   sərvətidir”.

Dahi liderimiz H.Əliyevin  müxtəlif  çıxışlarında  dilimizlə  bağlı dediyi bu  fikirlər hər bir azərbaycanlının  canına, qanına  hopmalı, dil sevgisinin istiqamət vericisi olmalıdır.        

                                                                                  Arif Ağalarov

           Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: