Naxçıvan məktəbliləri arasında “Robotunu yarat” müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinif şagirdləri iştirak edib. “Robotunu yarat” müsabiqəsinin şərtlərinə əsasən şagirdlər komanda şəklində yarışıblar.Yarışda hər komandada 5 şagird olmaqla 8 komanda iştirak edib. Müsabiqədə müxtəlif funksiyada və ölçüdə olan robotların hazırlanmasına 6 saat vaxt verilib. Yarışda hazır robotlardan və yaxud leqolardan istifadəyə icazə verilməyib. Robotlara müəyyən tapşırığın yerinə yetirilməsi üçün idarəetmə sistemi təyin olunub, hazırlanan robotlar hər hansı bir komanda ilə öz-özünə və ya kompüter, tablet, telefon və digər cihazlarla hərəkət etdirilib. Robotun adı, iş funksiyası, dizaynı, proqramlaşdırılması iştirakçının sərbəst ideyası üzərində qurulub. Robotun hazırlanmasında ideya olaraq innovasiya, dizayn, hərəkət, sadəlik, funksiya, təqdimat meyarları nəzərə alınıb.
Qiymətləndirilmədə dizaynı, işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən robot qalib elan olunub. Beləliklə I yerə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzi, II yerə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, III yerə isə Şərur rayon Şəhriyar kənd tam orta məktəbi, həvəsləndirici yerlərə isə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi, Ordubad Rayon Texniki Yaradıcılıq Mərkəzi, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi, Şərur rayon Qarabürc kənd tam orta məktəbi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey layiq görülüb.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Adilə Səfərova