Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat
1920-1970-ci illər
( Davamı)1932-ci ildə ölkəmizdə ədəbiyyatın daha da inkişaf etdirilməsi haqqında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin ədəbiyyat haqqında yeni qərarı elan olundu. Proletar Yazıçılar cəmiyyəti ləğv edilərək Sovet Yazıçılar İttifaqının təşkili qərara alındı. Elə bu zaman Bakıdan qayıtmış Əyyub Abbasov yaradıcı gəncləri öz ətrafına topladı.
1932-ci ildə Əyyub Abbasovun “Şərq qapısı”nın mətbəəsində Məmmədəli Tarverdiyevin readktorluğu, Lətif Hüseynzadənin giriş sözü ilə “Mübarizə” adlı ilk şeir kitabı nəşr edildi. Şairin bu kitabda toplanmış şeirlərində zəhmətkeşlərin əmək qəhrəmanlığı, elliklə kollektivləşmə uğrunda gedən mübarizə öz əksini tapdı. Kitabda toplanan şeirlər bədii cəhətdən zəif olsa da şairin mövzu dairəsinin genişləndiyini göstərirdi.
...1932-34-cü illərdə Naxçıvanda ədəbi gəncliyin sayı xeyli artsa da onların yaradıcılığı hələ sənətkarlıq cəhətdən təkmil deyildi. Proletar Yazıçılar cəmiyyəti ləğv edilsə də hələ Naxçıvanda Sovet Yazıçıları İttifaqının vilayət şöbəsi yaradılmamışdı.
Bu vəziyyət uzun müddət davam etmədi. 1933-cü ildə Mirzə İbrahimov Naxçıvan MST siyasi şöbəsinin orqanı “Surət”, Əli Vəliyev Azərbaycan KP Naxçıvan Vilayət komitəsinin orqanı “Şərq qapısı” qəzetinə redaktor vəzifəsinə işləməyə gəldilər.
Bu zaman Naxçıvanda sinfi mübarizənin qızğın dövrü idi. Kolxozların iqtisadi cəhətdən möhkəmlənməsi , texnika ilə təchiz edilməsi əsas problemlərdən biri idi.
Əli Vəliyev və Mirzə İbrahimov yoldaşlar gecə-gündüz kolxozlarda olub, məqalələr yazır, eyni zamanda respublikanın mədəni-siyasi həyatında fəal iştirak edirdilər. Buna baxmayaraq bir yazıçı kimi ədəbi axtarışlar aparır, çox çətin və mürəkkəb şəraitdə yazıb yaradırdılar.. Həm də bu zaman Naxçıvanda yaşayıb yaradan gənclərə M.Ə. Tarverdiyev, N. Nağıyev, Hüseyn Əzim, Ənvər Əylisli, Baqi Hüseynov, Lətif Kərimov, Lətif Hüseynzadə, Rza Şərifzadə, Əbdül Kazım, Qurban Qurbanov və başqalarının ədəbi yaradıcılığına istiqamət verirdilər.
1930-cu illərdəki Azərbaycan ədəbiyyatı və ədəbi tənqidi haqqında onlara maraqlı söhbətlər, məruzələr edirdilər. Xüsusən bu sahədə Mirzə İbrahimov daha fəal çalışırdı. Onun təşəbbüsü ilə 1934-cü ilin aprelin 23-24 də yazıçıların iki günlük konfransı keçirilmişdi. Həmin konfransda Mirzə İbrahimov “Yazıçılar qurultayına hazırlıq”,Əli Vəliyev “Sosialist kəndi və onun ədəbiyyatda bədii şəkildə ifadəsi haqqında” məruzə etmişdilər.
Fikrimizi təsdiq etmək üçün “Şərq qapısı” qəzetinin 5 may 1934-cü il (№ -128)(1188) nömrəsindəki “Ədəbiyyat xronikasına” müraciət edək:
“Naxçıvan Sovet Yazıçılarının iclasında yazıçılar qurultayına hazırlıq haqqında Mirzə İbrahimov yoldaş məruzədə bulundu. Mərkəzi Komitənin tarixi qərarından sonra Azərbaycan ədəbiyyatında əmələ gələn dönüş və müvəffəqiyyətlər üzərində dayanaraq Hüseyn Cavid, Cəfər Cabbarlı, Qantəmir, Səməd Vurğun, Rəsul Rza, Əbülhəsən, Sabit Rəhman və başqa yazıçıların yaradıcılığından sosializm-realizm məsələsindən bəhs etdi.”
Görüldüyü üzrə, Mirzə İbrahimov, Əli Vəliyev Naxçıvanda öz çətin və məsul vəzifələrini yerinə yetirməklə bərabər Muxtar Respublikada Azərbaycan ədəbiyyatını təbliğ edir, gənclərə ədəbiyyat aləmində baş verən yenilikləri çatdırırdılar.
Başqa rayonlarda olduğu kimi 1930-cu illərdə Naxçıvanda da sinfi düşmənlər maskalanıb hücuma keçərək kolxozu daxildən dağıtmaq, MTS-lərin (Maşın Traktor Stansiyaları. red. qeydi) fəaliyyətinə mane olmağa çalışırdılar.
Bu zaman qolçomaqlar Naxçıvan şəhərinə yaxın Qoşadizə kəndində kolxoz sədri Abbası öldürdülər. Bu cinayətin məhkəmə prosesi o zaman Naxçıvanda böyük hay-küy qaldırdı. Çoxları bunun namus üstə baş verdiyini desə də əslində bu sinfi düşmənlərin kolxoz quruculuğunaqarşı düşmənçiliyinin təzahürü idi.
Mirzə İbrahimov bu hadisənin şahidi olduğundan həyati həqiqət əsasında özünün “Həyat” pyesini Naxçıvanda yazmışdı. Bir çox obrazların prototipləri hazırda Naxçıvanda yaşayırlar(1973-74-cü illərdə. Red. qeydi).
Mirzə İbrahimov “Həyat”pyesi üzərində yaradıcılıq işi aparmaqla bərabər Naxçıvanda daha bir çox əsərlər yazmışdır. Buna görə 5 may 1934-cü ildə “Şərq qapısı” qəzetində M. İbrahimov yoldaşın Naxçıvanda yeni əsərlər üzərində işlədiyi haqqında aşağıdakı məlumatı oxuyuruq :
“Yazıçılarımızdan yoldaş Mirzə İbrahimov “Alagöz” romanının birinci hissəsini yazıb qurtarmışdır.” (“Şərq qapısı” № -128 (1188) 5 may 1934-cü il).
(ardı var)