Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan folklor mühiti milli yaradıcılıq ənənələri ilə zəngin bölgələrdən biridir. Ümumazərbaycan folklorunun dərk olunmasında ayrı-ayrı bölgələrin və folklor mühitlərinin öyrənilməsi mühüm rol oynayır. Doğma Naxçıvan torpağının daha mühafizəkar və qapalı regionlardan biri olan Ordubad rayonu olduqca zəngin folklora malikdir. İndiyədək bu bölgənin folkloru müəyyən qədər toplanılsa da, bu haqda müəyyən fikirlər söylənilsə də, bütövlükdə Ordubad folklor mühitinin regional özünəməxsusluğu kompleks şəkildə tədqiqata cəlb olunmayıb. Bu hal Azərbaycanın ən zəngin folklor bölgələrindən biri olan Ordubad folklor mühitinə, onun regional xüsusiyyətlərinə kompleks yanaşma zərurətini yaradır. Bu baxımdan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın bu yaxınlarda “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyası bu sahədəki ən sanballı material kimi oxucuların istifadəsinə verilib. Zəngin folklor materialının toplanması, tərtibi, təsnifi, tədqiqi, eləcə də elmi - nəzəri və praktiki işlərin reallaşması bu əsərdə öz əksini layiqincə tapır.
Yorulmaz və peşəkar folklorşünas alim Aytən Cəfərova əsərdə xalq hikməti haqqındakı nəzəri fikirləri diqqətlə öyrənərək məqamına uyğun istinadlar edib. KİV-də fəallığı ilə seçilən Aytən xanım zaman-zaman həmin materialları məqalə şəklində nəşr etdirərək özünə geniş oxucu kütləsi qazanıb. Biz onun Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq yaradıcılığına, etnomədəniyyətə, etnoqrafikaya və s. həsr olunmuş verilişlərindəki mütamadi çıxış və müsahibələrində də bunun əyani şahidi oluruq. O, yaddaşlarda itib-batmaqda olan sarsılmaz özülə malik milli-mədəni dəyərlərimizi öz yurddaşlarına bitməz enerji və tükənməz şövqlə çatdırır.
Folklorun regional xüsusiyyətlərinin öyrənilməsi hər bir tədqiqatçıdan məharət tələb edən bir məsələdir. Aytən xanım Ordubad folklor mühitinə hər səviyyədə mükəmməl bələdçiliklə (Aytən xanım Bakıda doğulub boya-başa çatsa da, uzun illərdir ki, Ordubda gəlin köçüb – Z.İ.) uzun illər Ordubadın kəndlərini qarış-qarış gəzərək geniş həcmli folklor materialı toplamağa müvəffəq olub. Toplanması və nəşri işləri ilə ardıcıl məşğul olan tədqiqatçı bu sahədə sistemli və kompleks işlər görüb. Gərgin zəhmətlə bu irsin öyrənilməsi fədakar alimin zərif çiyinləri üzərində var olub.
Bəhsini açdığım “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” adlı monoqrafiya mükəmməl folklor bazası əsasında hazırlanıb. Onun indiyə qədər çap olunan məqalələri alimin professional folklor toplayıcısı və tədqiqatçısı olmasını sübut edirdisə, bu əsər Aytən Cəfərovanın səriştəli bir folklorşünas olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, folklorun regional xüsusiyyətlərinə həsr olunmuş bu əsər bundan sonra yazılacaq əsərlərə istiqamət verəcək. Dosent Əziz Ələkbərli “Ordubad folklor mühitinə dair mükəmməl elmi-tədqiqat işi” kimi dəyərləndirir və region folklorumuzun öyrənilməsi sahəsində örnək olası bir elmi əsər kimi qiymətləndirir.
Dörd fəsildən ibarət olan monoqrafiyanın ilk fəsli “Ordubad folklor mühitinin tarixi-regional özünəməxsusluğu” adlanır. Bu fəsildə Ordubad bölgəsinin coğrafi təsvirini, əhalinin məşğuliyyətini, yaşam tərzini, adət-ənənəsini, etnik və etnoqrafik xüsusiyyətlərini, eləcə də onların folklorda əksini araşdıran tədqiqatçı alim bildirir ki, Ordubad folkloru azərbaycanlıların yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir.
“Arxaik folklor janrları” adlı növbəti fəsildə bu ərazidəki mifoloji inanclar sistemi, inam və inancların sərhədlərinin müəyyənləşməsi, mifik obrazların tipik xüsusiyyətləri bu bölgənin folklorunu şərtləndirən əsas amillərdən biri olması, həmçinin öz təzahürlərini həmin bölgənin folkloruna diqtə etməsi və digər məsələlər müzakirə müstəvisinə gətirilir. Müəllifin tədqiqatından aydın olur ki, Ordubad bölgəsi Azərbaycanın spesifik mifoloji obrazlarla zəngin ərazilərindən biridir. Gur-gur baba, Əyələr, Bizdən yeyənlər və s. obrazlarla ancaq bu bölgədə rastlaşmaq mümkündür. Əsərdə verilən Xıdır Nəbi, Xıdır İlyas və s. mifoloji obrazlarının digər bölgələrdən fərqli olaraq Ordubad ərazisində bir çox müxtəlif funksiyalar daşıdığı aydın olur.
Monoqrafiyanın üçüncü fəsli də maraq doğurur. Məlum məsələdir ki, ən əski çağlardan üzübəri xalqın yaratdığı gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyun, yarış, tamaşa, rəqs, musiqi və söz folklor nümunələrində qorunur. Bu fəsildə müəllif “Mərasim folkloru: mövsüm və mərasim ritualları” başlığı altında mövsüm mərasimlərinin mifoloji kökləri və arealdaxili xüsusiyyətlərin, həmçinin məişət və dini mərasimlərin, dini tamaşaların, bayram və ritualların (“Çömçəxatun”, “Yeddiləvin”, “Susəpən” və s. ) regional özünəməxsusluğu təhlil süzgəcindən keçirir.
Aydın olur ki, milli soykökə dönmək, özünəqayıdış, özündən istifadə, özünüdərk yalnız folklora qayıdışla, ondan faydalanmaqla mümkündür. Azərbaycan xalqının folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovuşuğunda yaranıb, elə həmin üslublara uyğun olaraq da növlərə bölünüb. Tədqiqatçı alim Aytən Cəfərova “Ordubadın folklor mətnlərinin böyük əksəriyyətinin lirik və epik folklor örnəkləri təşkil etdiyini” xüsusi vurğulayır. Əsərin “Epik və lirik folklor örnəkləri” adlı sonuncu fəslində epik və lirik növün janr rəngarəngliyi və funksional semantikası üzərində təhlillər aparılır. Aydın olur ki, bölgə çeşidli folklor janrları ilə olduqca zəngindir. Şübhəsiz ki, əsərin verdiyi imkan daxildə gətirilən nümunələr Ordubad rayonunda canlılığını qoruyub saxlayan ağız ədəbiyyatının ümumi nisbətdə çox az hissəsidir. Lakin bu nümunələr Ordubad folkloru haqqında müəyyən təsəvvürlərə gəlməyə, bölgə folklorunun xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır.
Məlumdur ki, Ordubad rayonu aşıq sənətinin inkişaf etdiyi bölgələrimizdən biri olub. Nisbətən yaşlı əhali yaddaşında müxtəlif zamanlarda yaşayıb-yaratmış çoxlu sayda aşığın adını və irsini, onlarla bağlı maraqlı və ibrətamiz hadisələri bu gün də saxlayır. Müəllif bu mühitdə yetişən Aşıq Muxtar, Kərim Ordubadlı, Aşıq Abbas Dəhri, Aşıq Vəli və digər aşıqların həyatı və yaradıcılığı, eləcə də onların repertuarında olan dastan, rəvayət və nağıllar, həmçinin onlar haqqında xalq arasında yayılan əhvalatlar haqqında məlumat verir və aşıqların yaradıcılığından gətirdiyi nümunələrin poetik qəlibləri - şeirin şəkilləri, heca vəzni, törəmə tipləri, qafiyəsi, aşıq ritmi və s. barədə elmi mülahizələrini oxucusu ilə bölüşür.
Bu fundamental əsərdə müəllif Ordubad folklorunun tipoloji xüsusiyyətlərini müəyyənləşdirmək, bu əraziyə məxsus folklor mətnlərini həm digər bölgələrimizdən qeydə alıb, həm də başqa türk xalqlarında mövcud olan variantları ilə yeri gəldikcə müqayisə edərək oxşar və fərqli cəhətlərini üzə çıxarmağa nail ola bilib. Tədqiqatçının 200-ə yaxın son dövrlərin nəşri olan ədəbiyyatdan istifadə etməsi də onun zəngin elmi bazaya sahib olmasının əyani göstəricisidir. Əsərin sonunda verilən nəticədən o qənaət hasil olur ki, müəllif öz işini Ordubad rayonundan əldə etdiyi folklorik nümunələri bu mühitin çərçivəsində araşdırmaqla məhdudlaşdırmır, ümumazərbaycan, ümumtürkoloji kontekstdə müqayisələr aparır. Ən qabaqcıl tədqiqat metodlarını əsərinə tətbiq edən alimin bu əsəri folklor örnəklərinin toplanması, yaddaşlardan yazıya köçürülməsi elmimizə, naxçıvanşünaslıq tariximizə bir töhfədir. Aytən xanımın da daima bölgələrə səfər edib xalqın qiymətli tükənməz sərvəti-folklor örnəklərinin ən gözəl nümunələrini qeydə alması tarix qarşısında nümunəvi xidmətdir.
Əsər haqqındakı fikirlərimizi folklorun əhəmiyyətini yüksək dəyərləndirən Firudin bəy Köçərlinin sözlərilə yekunlaşdırırıq: “O millət ki, öz tarixini, vətənini, dilini sevir - bu qisim əsərləri kamal-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır”. Folklora milli sərmayəmiz kimi yanaşan və bu xalq qənimətinin gələcək nəsillərə mühafizəkar şəkildə qoruyaraq çatdırmaqda böyük şövqlə, həvəslə çalışan folklorşünas alim Aytən Cəfərovaya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Zülfiyyə İsmayıl
AMEA Naxçıvan Bölməsi
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya üzr