Xocalı soyqırımı: səbəbləri, nəticələri və dərsləri

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş eyniadlı konfrans AMEA Naxçıvan Bölməsində təşkil olunub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının  20-ci əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu diqqətə çatdıran Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş verən qanlı hadisə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Xocalı soyqırımı zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, yaşlılar, qadın və uşaqlar olmaqla 1275 soydaşımız əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.  Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl tədbirlər görülüb. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib.

İsmayıl Hacıyev vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq  hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar  Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Tədbirdə tarix üzrə fəlsəfə doktorları Asəf Orucov, Emin Şıxəliyev və filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov qeyd ediblər ki, Xocalı soyqırımını xalqımız heç zaman unutmur. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini 44 gün ərzində darmadağın etdi. Xocalı qurbanlarının qisasını aldı. O da qeyd olunub ki, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.

                                                                           Adilə Səfərova

                                                                                

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: