Xocalı həqiqətlərindən bəhs edilən interaktiv dərs 200-dən artıq ümumtəhsil məktəbində izlənilib - FOTOLAR

A- A A+

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Xocalı soyqırımı ilə bağlı muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında keçirlən interaktiv dərsdə səsləndirilib.

 “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” mövzusunda keçirlən dərsdə qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməyən soyqırımı törətdilər. Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirildi. Əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Vurğulanıb ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi.

Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, bu terror aktını törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb.

Qeyd olunub ki, bu gün Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan azad edilməsi, Xocalı qurbanlarının və erməni teroruna məruz qalan bütün soydaşlarımızın qisasını almaqla Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərində ilk dərs saatı da Xocalı soyqırımına həsr olunub

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: