Təhsil müəssisələrində psixoloqun rolu

A- A A+

İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərin zəruriliyi hiss edilməsin. Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir.

Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, risk qrupuna aid olan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənmək və düzgün yanaşmağı tələb edir. Məktəbdə psixoloji xidmət fəaliyyətində müəllim, şagird və valideynlərlə aparılan psixoloji məsləhət əsas yerlərdən birini tutur. Adətən, məktəb psixoloqu ilə məsləhətləşməyə valideynlər daha çox ehtiyac hiss edirlər.  Psixoloq onlara uşağı məktəbə necə hazırlamaq, təlim marağını necə inkişaf etdirmək, oxumaq istəməməsi, hafizəsinin zəifliyi, dalğınlıq, asılılıq, hövsələsizlik, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq, laqeydlik kimi problemləri necə aradan qaldırmaq və bu kimi digər məsələlərdə məsləhət verə bilər.

Peşəkar psixoloji xidmətin təşkilinin zəruri şərtlərindən biri də təhsil müəssisəsində psixoloq üçün normal iş şəraitinin olmasıdır. Qanunvericiliyə uyğun olaraq, təhsil müəssisələrində psixoloq psixoloji yardım göstərilməsi ilə bağlı bilavasitə tədrisi həyata keçirən müəllim (müəllimlər), təhsil müəssisəsinin rəhbəri, valideynlər və digər qanuni nümayəndələr ilə əməkdaşlıq edir, ehtiyac olduqda onlara peşəkar məsləhətlər verir, təhsil alanın psixoloji ehtiyac və problemləri haqqında onun valideynlərini və ya digər qanuni nümayəndələrini məlumatlandırır, onlara məsləhət verir, ehtiyac olduqda onlar üçün profilaktik psixoloji tədbirlər təşkil edir.

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir. Qaydalara əsasən təhsil müəssisəsində psixoloji xidmət təhsil alanların əqli və fiziki inkişafının, habelə onların sosial müdafiəsinin təmin olunması sahəsində təhsil qanunvericiliyinə, digər normativ hüquqi aktlara uyğun olaraq təşkil olunur, uşaq, yeniyetmə və gənclərin psixologiyası üzrə aparılan elmi tədqiqatların nəticələrinə, nailiyyətlərinə əsaslanır və Təhsil Nazirliyi ilə razılaşmaqla, uşaqların inkişafı sahəsində müasir nəzəriyyələri istifadə, tətbiq etməklə həyata keçirilir. Psixoloqun illik fəaliyyət planı hər il yanvarın 5-dən gec olmayaraq, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. İllik fəaliyyət planında psixoloji maarifləndirmə, profilaktika, konsultasiya istiqamətləri üzrə tədbirlər, həmçinin il ərzində keçiriləcək seminarlar, dəyirmi masalar, müzakirələr öz əksini tapır. Fəaliyyət planına uyğun olaraq, psixoloq rübdə bir dəfə təhsil müəssisəsinin rəhbərinə hesabat verir.

Psixoloqun hüquqları aşağıdakılardır:

 - psixoloji xidmətin təşkili ilə bağlı aktual problemlərə həsr olunmuş konfrans, seminar və dəyirmi masalar təşkil etmək, həmçinin belə tədbirlərdə iştirak etmək;

- muxtar respublikada psixoloq və sosial pedaqoqların şəbəkədaxili qarşılıqlı əlaqələrinin yaradılması və bu sahədə vahid informasiya məkanının formalaşdırılmasında iştirak etmək;

 - təhsil proqramlarına və tədris-metodik vəsaitlərə rəy bildirmək;

 - psixoloji-pedaqoji biliklərin təbliği sahəsində iş aparmaq;

 - psixoloji-tibbi-pedaqoji komissiyaların və yetkinlik yaşına çatmayanların işlərinin, hüquqlarının müdafiəsi üzrə komissiyaların işində iştirak etmək;

- təhsil müəssisəsinin rəhbəri vasitəsilə təhsil alanlara psixoloji yardımın göstərilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq;

 - psixoloji xidmətin təşkili üzrə muxtar respublika səviyyəli təşkilatlara üzv olmaq;

 - pedaqoji tədbirlərin hazırlanması və keçirilməsində, tədris, təlim, tərbiyə prosesinin tənzimlənməsində, tərbiyəvi tədbirlərin planlaşdırılmasında iştirak etmək;

- peşə fəaliyyəti üçün zəruri olan sənəd və məlumatları təhsil müəssisəsinin rəhbərliyindən, müəllimlərdən, valideynlərdən və ya digər qanuni nümayəndələrdən əldə etmək;

 - psixoloji biliklərin təbliği sahəsində iş aparmaq, elmi və elmi-kütləvi jurnallarda, qəzetlərdə və internet resurslarında iş təcrübəsini ümumiləşdirən məqalələrlə çıxış etmək;

Qanunvericilikdə təhsil müəssisələrinin psixoloqlarının vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir:

- psixoloji yardım alan təhsil alana peşəkar və keyfiyyətli psixoloji yardım göstərmək;

 - müəssisənin illik və cari fəaliyyət planlarının hazırlanmasında, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsində iştirak etmək;

- müstəqilsurətdə təhsil alanlarla, pedaqoji işçilərlə, valideyn və ya digər qanuni nümayəndələrlə aparılan işlərin konkret istiqamətlərini müəyyən etmək, bu işlərin forma və metodlarını seçmək, onların yerinə yetirilməsi ardıcıllığını müəyyən etmək;

 - pedaqoji işçilərin iştirakı ilə təhsil alanlarla aparılan psixoloji müayinənin nəticələri əsasında ümumiləşdirmə və təhlillər aparmaq, aşkar edilmiş psixoloji problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr hazırlamaq, zəruri hallarda təhsil alanları peşəkar xidmətə yönəltmək;

- təhsil alanlar arasında hüquq pozuntuları və zərərli vərdişlərə aludəçilik meyillərinin qarşısını almaq məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görmək,sağlam həyat tərzini təbliğ edən layihələr hazırlayıb həyata keçirmək;

 - təhsil müəssisəsində istedadlı təhsil alanların aşkar edilməsi, onların inkişafı üçün səmərəli təhsil şəraitinin yaradılması istiqamətində sistemli iş aparmaq, müəllim və valideynlərlə və ya digər qanuni nümayəndələrlə birlikdə təhsil alanların potensial imkanlarına uyğun peşə seçimi və gələcək karyeranın inkişafına kömək etmək;

 - uşaq psixologiyasının xarakterik xüsusiyyətlərinə, yaş xüsusiyyətlərinə görə onların xarakterində baş verən dəyişikliklərin mahiyyəti barədə müəllim, valideyn və ya digər qanuni nümayəndələrin məlumatlandırılmasını təmin etmək;

 - təlimdə çətinlikləri olan təhsil alanların problemlərinin aradan qaldırılması üçün müəllimlər tərəfindən fərdi təlim və inkişaf proqramlarının hazırlanmasını tələb etmək və bu proqramların həyata keçirilməsini nəzarətdə saxlamaq;

- sosial təhlükəli vəziyyətdə olan, zərərli vərdişlərə meyilli təhsil alanlarla bağlı qərarların qəbul edilməsi məqsədilə təhsil müəssisəsinin rəhbərliyi qarşısında vəsatətlə çıxış etmək;

 - yardım göstərdikləri təhsil alanların hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; - bütün mübahisə və münaqişəli hallarda təhsil alanın mənafeyindən çıxış etmək;

- psixoloqun peşə etikasına riayət etmək;

- psixoloji yardım alan təhsil alan haqqında məlumatın qanunla müəyyən edilmiş konfidensiallığını təmin etmək;

 - psixoloji müayinənin nəticələrinə uyğun olaraq, sosial xidmət və tibb müəssisələri ilə əməkdaşlıq etmək;

- qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Cəmiyyət daim inkişafdadır. Təhsil alanların istər psixoloji, istərsə də fiziki cəhətdən sağlam olması gələcəyimiz və cəmiyyətimiz üçün zəruri şərtlərdəndir. Psixoloqlar sağlam psixologiyanın, insan şəxsiyyətinin formalaşmasındakı rolunu rəhbər tutmaqla işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: