NDU-nun Tibb fakültəsi tələbələrinin simulyasiyası təşkil edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professor-müəllim heyəti, həkim rezident və tələbələri Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə ilk tibbi yardım simulyasiyası çərçivəsində görüş keçirib.
Görüşdə tələbələr gündəlik həyatımızda tez-tez rastlaşdığımız həyat üçün bir sıra təhlükəli hallar, bunlardan çıxış yollarını əyani simulyasiyalarla nümayiş etdiriblər. Kliniki ölüm, torpaq altında qalma, qanaxmalar, yuxarı tənəffüs yollarına yad cismin düşməsi, və sınıqlar mövzularında slaydlar vasitəsilə şagirdlərə ümumi məlumat verilib və xəstəliklərə vaxtında müdaxilə metodları əyani göstərilib.
Universitetin tələbələrinin hazırladıqları “İlk tibbi yardım” simulyasiyası təqdimatı məktəb kollektivi tərəfindən maraqla qarşılanıb.
Sonda həkim və rezidentlərinin, fakültənin tələbələri ilə birlikdə apardıqları tibbi müayinələr həyata keçirilib. Fakültənin kardiologiya, terapiya, cərrahiyyə, oftalmologiya, funksional diaqnostika, reanimatologiya, stomatologiya və digər sahələr üzrə mütəxəssisləri məktəblilərin ilkin tibbi müayinələrini keçirərək onlara tövsiyələrini, gigiyenik qaydalara əməl etməyin vacibliyini bildiriblər.
Səadət Əliyeva