Naxçıvan məktəblisi “Sabahın alimləri” X respublika müsabiqəsində yer tutub

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə icra olunan “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları elmi rəhbərləri ilə hazırladıqları layihələrlə müxtəlif respublika və beynəlxalq müsabiqələrdə iştirak edirlər.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər ümumtəhsil məktəbləri üzrə müsabiqədə 6 şagird 4 layihə ilə iştirak edib, layihələrin 4-ü də ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.

Final mərhələsində Biologiya kateqoriyası üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması” layihəsi ilə III yerin qalibi olub, diplom və medalla təltif olunub. Digər iştirakçılar isə sertifikata layiq görülüb.

“Sabahın alimləri” X respublika müsabiqəsində III yerin qalibi Babazadə Zümrüd Vüqar qızı 28 avqust 2004-cü ildə Naxçıvan şəhərində anadan olub. 2011-ci ildə  Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinfinə daxil olan Zümrüd Babazadə hazırda həmin məktəbin X sinfində təhsil alır. Zümrüd bilik və bacarığı ilə hər zaman yaşıdlarından fərqlənib, məktəbdaxili və muxtar respublika səviyyəli müsabiqələrin dəfələrlə qalibi olubdur. 2019-2020-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Sabahın tədqiqatçıları” layihəsində biologiya istiqaməti üzrə “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması”  mövzusunda tədqiqat işi aparıbdır. Zümrüd Babazadənin elmi rəhbəri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova ilə birgə hazırladıqları məqalə xarici mətbuatda konfrans materiallarında dərc olunmuşdur. Həmin layihə ilə “Sabahın alimləri” X respublika müsabiqəsinə qoşulan Zümrüd Babazadə martın 3-də keçirilən müsabiqənin yekun mərhələsində III yerin qalibi olmuş, diplom və medalla təltif olunmuşdur. İstedadlı şagirdi təbrik edir, təhsilində uğurlar arzulayırıq!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: