Naxçıvanda ədəbi mühit uğurla tədqiq olunur

A- A A+

Azərbaycanda müxtəlif dövrlərdə görkəmli alimlər və müxtəlif tədqiqatçılar tərəfindən Naxçıvan ədəbi mühitinin tədqiqi istiqamətində xeyli işlər görülüb. Konseptual olmasa da, Naxçıvan ədəbi mühitinin ayrı-ayrı görkəmli şəxsiyyətləri və məsələlərinə dair tədqiqatlar aparılıb, sanballı elmi əsərlər ortaya qoyulubdur. Naxçıvan ədəbi mühitinin konseptual, naxçıvanşünaslıq səviyyəsində ardıcıl, davamlı və əhatəli tədqiqi işi Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra başlayıbdır.

Naxçıvanda ilk elmi məktəbi formalaşan görkəmli elm adamı, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda Naxçıvan, Naxçıvanda ədəbiyyat” və bu silsilədən olan ardıcıl tədqiqat əsərlərinin üzərində rişə tapan əsərlər Naxçıvan ədəbi mühitinin tədqiqi işinə mühüm töhfələrlə yadda qaldı. Akademik İsa Həbibbəylinin bütövlükdə naxçıvanşünaslığın aktual məsələlərini özündə əhatə və ehtiva edən “Nuhçıxandan Naxçıvana” kitabı, eləcə də “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, “Millətinin canlı heykəli”, “XX əsrin əvvəllərində Azərbaycan yazıçıları” və çoxsaylı digər elmi əsərləri qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər Naxçıvanda ədəbi mühitin vəziyyəti və inkişafına dair proqram xarakterli fikirləri inkişafetdirici rol oynamaqla tədqiqatlara yeni stimul vermişdir. Bu görkəmli alimin son dövrlərdə nəşr olunan “Nuhçıxandan Naxçıvana”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Ədəbi şəxsiyyət və zaman” kimi irihəcmli ciddi elmi əsərləri nəinki Naxçıvan ədəbi mühitinin, ümumən Azərbaycan ədəbiyyatının bir sıra məsələlərinin təhlili və tədqiqi baxımından fundamentallıq kəsb edir. Xüsusilə də görkəmli elm adamının “Gəmiqaya dünyası: Sivilizasiya prosesləri və Naxçıvan”, “Naxçıvan Duzdağı: tarix və müasirlik”, “Naxçıvanda mətbuat (1921-2015)”, “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi”, “Naxçıvanda ədəbi yüksəliş”, “Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi”, “Naxçıvan elmi mühiti: ənənə və müasir dövr” və başqa bir sıra əsərlərində Naxçıvanda elmin və ədəbiyyatın inkişafı məsələləri, ədəbi mühitin inkişaf mərhələləri, məsələləri və perspektivləri, ayrı-ayrı görkəmli şəxsiyyətləri və nümayəndələri və s. haqda irəli sürülən fikir və tezislərlə, aparılan təhlil və tədqiqatlarla naxçıvanşünaslığın əsaslarını yaratmış və formalaşdırmışdır.

Alim “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlı əsərində böyük ədəbiyyatın təkcə böyük şəhərlərdə, paytaxtda deyil, həm də kiçik şəhərlərdə, o cümlədən bölgələrdə də yaranması ilə bağlı sanballı tezis və fikirlərini səsləndirir. Alim yazır: “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da böyük ədəbiyyatın yaradıldığını danılmaz faktlar təsdiq edir”. Alim bu tezislər istiqamətində XIII əsrdən başlayaraq Naxçıvanda inkişaf edən əbəbiyyatı mərhələlər və nüməyəndələr üzrə təhlildən keçirir, onun zəngin və qədim inkişaf tarixinə nəzər salır. Alim bu tezislərini “Naxçıvanda ədəbi yüksəliş adlı” əsərində də davam və inkişaf etdirərək təfərrüata varan ciddi elmi tədqiqat ortaya qoymuşdur. Burada müasir dövr ədəbi mühitin nümayəndələrindən olan Elman Həbib, Vaqif Məmmədov, Xanəli Kərimli, Telman Ağrıdağ, İbrahim Yusifoğlu və b. yazarlar haqda ətraflı bəhs olunmaqla ədəbi tənqidi təhlillər müstəvisinə gətirmişdir.

Qeyd edək ki, bu sahədə İsa Həbibbəyli məktəbinə mənsub çoxsaylı alimlər öz tədqiqatları ilə mövzunun öyrənilməsinə zənginlik gətirmişlər. Bu sahədə prof. Yavuz Axundovun, prof. Hüseyn Həşimlinin, prof. Əsgər Qədimovun, elmlər doktorları Fərman Xəlilovun, Yusif Səfərovun, eləcə də Xanəli Kərimli, Əbülfəz Əzimli, Hikmət Mehdiyev, İman Cəfərli, Surə Seyid, Mehriban Sultan, Nurlana Əliyeva, Ramiz Qasımov, Aygün Orucova, Nərgiz İsmayılova, Elxan Məmmədov, Əli Həşimov, Nəzakət İsmayılova və başqalarının tədqiqatları Naxçıvan ədəbi mühitinin müxtəlif məsələləri ilə bağlı araşdırmalara zənginlik qatmışdır. Naxçıvan ədəbi mühitinin inkişaf tarixi, görkəmli şəxsiyyətləri və digər məsələlərilə bağlı başqa mənbələrdə, o cümlədən Ali Məclis Sədrinin Sərəncamı və qayğısı ilə üç cilddə çap edilən “Naxçıvan tarixi” fundamental kitabında da maraqlı ümumiləşmiş, yığcam fakt və tezislər əksini tapmışdır. Habelə ixtisasca dilçi alimlərdən olan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, prof. Sədaqət Həsənova, tarixçi alimlərdən Zəhmət Şahverdiyev, Vaqif Məmmədov və digərlərinin əsərlərində ciddi tədqiqatlar, faktlar və maraqlı məlumatlar yer tapmışdır. Habelə Azərbaycanın tanınmış ziyalılarından olan Teymur Kərimlinin, Vaqif Yusiflinin, Gülbəniz Babaxanlının və başqalarının tədqiqatlarında da Naxçıvan ədəbi mühiti əsas mövzulardan birini tutaraq dəyərli töhfələri ilə yadda qalmışdır.

Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin ən məhsuldar nümayəndələrindən biri kimi prof. H.Həşimlinin də ciddi elmi tədqiqatları naxçıvanşünaslıq üçün etibarlı mənbə rolunu oynamaqdadır. Bu zəhmətkeş alimin bu günə qədər çap olunan 31 kitab və monoqrafiyası, yüzlərlə məqaləsi Naxçıvan ədəbi mühitinin öyrənilməsinə böyük töhfələr verib. Prof. H.Həşimlinin tədqiqatlarını fərqləndirən və səciyyəviləşdirən mühüm amillərdən biri də onun araşdırmalarında Naxçıvanın ya öyrənilməyən, ya da az öyrənilmiş sahələri, mövzuları və şəxsiyyətləri barədə olmasıdır. Ustadı akademik İ.Həbibbəyli kimi prof. H.Həşimli də ictimaiyyətə Naxçıvanın neçə-neçə bəlli olmayan, az öyrənilmiş şəxsiyyətlərini tanıtmağa nail olmuşdur. Onun tədqiqatları Naxçıvan ədəbi mühitinin həm nəzəri, həm də tarixi məsələlərinə həsr olunmaqla elmi yeniliklərlə səciyyələnmişdir. Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanını tədqiq edən alim onun naxçıvanlı nümayəndələri ilə də bağlı, xüsusilə Ələkbər Qərib Naxçıvanlı haqda maraq doğuran faktlar ortaya qoymuş, maraqlı mülahizələr irəli sürmüş, romantizmin qüdrətli nümayəndələrindən olan Hüseyn Cavid haqda bəhs etməklə bərabər romantiklərin yaradıcılığında istifadə edilən Avropa lirik janrları haqda da ətraflı danışmışdır. Onun tədqiqatları ictimaiyyətə Bağır Cabbarzadə, Əlabbas Müznib, Əlipaşa Səbur Hüseynzadə, Əli Səbri Qasımov, Əli Məhzun, Səid Səlmasi, Məmmədəli Sidqi, Ələkbər Qərib Naxçıvanlı və b. şəxsiyyətlərin yaxından tanıdılmasına böyük imkanlar yaratmışdır. Alimin xarici ölkələrdə nəşr olunmuş “Azərbaycan mənsur şeirinin tarixi”, “Türk xalqlarının ədəbiyyat əlaqələrinə dair araşdırmalar” (türk dilində), “Azərbaycan mənsur şeiri”, “Azərbaycan mənsur şeirinin inkişaf yolları” (rus dilində) kimi əsərlərində ümumən Azərbaycan şair və yazıçıları ilə bərabər bu ədəbi inkişaf və dirçəlişdə yaxından iştirak edən Naxçıvan ədəbi mühitinin görkəmli və tanınmış nümayəndələri haqda da maraqlı məlumatlar və elmi təhlillər əks etdirmişdir. Hətta alimin türk xalqlarının ədəbi əlaqələrinə dair tədqiqatlarında bu ədəbi əlaqənin ən etibarlı və möhtəşəm nümunəsi kimi Azərbaycanın böyük romantik sənətkarı, Naxçıvan ədəbi mühitindən pərvazlanmış Hüseyn Cavid yaradıcılığı təqdim edilir. Alimin ölkəmizdə nəşr olunmuş bir sıra kitab və monoqrafiyalarında, o cümlədən tərtib etdiyi və çapa hazırladığı “Bağır Cabbarzadə. Bir yetimin naləsi” (prof. Məhərrəm Cəfərli ilə birlikdə), “Xalq yazıçısı Hüseyn İbrahimov-80 (təbriklər, məqalələr, xatirələr toplusu)”, “Əlabbas Müznib. Ürək yanğısı”, “Əlipaşa Səbur Hüseynzadə. Zümzümə. Düşüncə yarpağı”, “Əli Səbri”, “Ələkbər Qərib Naxçıvanlı. Haqq divanı” kimi kitablarda həm Naxçıvan ədəbi mühiti, həm də Azərbaycan ədəbiyyatı tarixi üçün əhəmiyyətli yazıçı və ədiblərin yaradıcılığı, əsərləri geniş oxucu kütləsinə təqdim edilmişdir. Diqqət edilərsə, bu əsərlərin çoxunda məhz haqqında ya məlumat olmayan, ya da natamam, qısa məlumata sahib ədəbi şəxsiyyətlərin yaradıcılığından bəhs edilmiş, ədəbiyyat aləminə gətirilərək haqlarında geniş, ətraflı məlumatlar göstərilmişdir. Bu mənada alimin  “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri”, “Azərbaycan ədəbi mühiti və türk dünyası”, “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı”, “Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri”, “Məmmədəli Sidqi və “Şeypur” jurnalı”, “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı”, “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı”, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” kimi monoqrafiyalarında çoxluqla Naxçıvan ədəbi mühitinin görkəmli, tanınmış nümayəndələrinin həyat və yaradıcılıq fəaliyyətlərindən ətraflı şəkildə bəhs edilərək müxtəlif aspektlərdən təhlil edilmişdir.  

Professor Y.Axundovun “Azərbaycan tarixi romanı: mərhələlər, problemlər” əsəri tarixi roman sahəsində Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Məmməd Səid Ordubadinin xidmətlərini bütün əhatəsilə təqdim etmişdir. Onun “Ədəbi mühit və sənətkar” əsərində Naxçıvan ədəbi mühitinin inkişafı problemləri və görkəmli şəxsiyyətləri haqda maraqlı təhlillər aparılmışdır. Bu kitabdakı məqalələr arasındakı “Qədim diyarda ədəbi mühit (1920-1980)” xüsusilə diqqətəlayiqdir. 60 illik bir ədəbi mərhələni tədqiq və təhlil edən professor maraqlı faktlar və təhlillərlə araşdırmaları zənginləşdirir. Naxçıvan ədəbi mühitinin çox az öyrənilmiş bir dövrünü tədqiqata cəlb edən alim bu mərhələdə Naxçıvan ədəbi mühitinin inkişafına töhfələrini vermiş Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Kəmalə Ağayeva, Həsən Fətullayev, Nağı Nağıyev, Hüseyn Əzim, Əkbər Məftun, İslam Səfərli və başqa nümayəndələri haqda  məlumat vermişdir. Yazıçının əsas məqsədi ədəbi mərhələni təhlil emək və ədəbi prosesə qiymət vermək olduğundan nümayəndələrin portret-oçerklərini yaratmır, başlıca ədəbi meyilləri qiymətləndirir. Naxçıvan ədəbi mühitinin qocaman nümayəndələrindən olan Hüseyn İbrahimov və onun Hüseyn Cavidə həsr olunmuş “Böhtan” romanı, Həmid Arzulu və onun “Qaçaq Quşdan” əsəri, unudulmuş yazıçılardan olan Əbülfəz Bağırov, eləcə də tanınmış şair Hüseyn Razi, çağdaş ədəbi dövrün nümayəndələrindən olan Rafiq Babayev, Rasim Gənzəli və b. yazıçıların əsərləri və ədəbi mühitdəki yerindən bəhs açmışdır.

Naxçıvan ədəbi mühitinin araşdırılması və elmi müstəvidə təhlil edilməsində Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin nümayəndələri olan Əsgər Qədimov, Fərman Xəlilov, Xanəli Kərimli, İman Cəfərli, Seyfəddin Eyvazov, Surə Seyid, Mehriban Sultan, Nurlana Əliyeva, Əbülfəz Əzimli, Ramiz Qasımov, Aygün Orucova, Nərgiz İsmayılova, Əli Həşimli və başqalarının xidmətləri də təqdirəlayiqdir. Bu alimlərin müxtəlif əsərlərində, o cümlədən həm monoqrafiya və kitablarda, həm də ayrı-ayrı məqalələrdə Naxçıvan ədəbi mühitinin tarixi və inkişafı məsələləri, həm də onun görkəmli nümayəndələri barədə geniş tədqiqatlar əks etdirilmişdir. Qocaman yazıçı və tədqiqatçı Müzəffər Nəsirlinin “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat (1920-1970)” adlı sanballı tədqiqat əsəri 1920-ci illərdən 1970-ci illərə qədərki mühüm və geniş bir mərhələdə Naxçıvanda ədəbi mühitin inkişafı məsələləri və aparıcı nümayəndələrinə həsr edilmişdir. Tədqiqatçı olmaqdan başqa həm də həmin dövrün yaxın iştirakçılarından və Naxçıvanda Yazıçılar Birliyinin rəhbər şəxslərindən olmuş Müzəffər Nəsirli uzun bir mərhələdə Naxçıvanda ədəbi mühitin inkişafında öz yaradıcılıqları ilə iştirak etmiş çoxsaylı şəxsiyyətlərdən bəhs açmışdır. Habelə professor Əsgər Qədimovun “XIX əsr Ordubad ədəbi mühiti. Qüdsi Vənəndi”, “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı”, “Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu”, “Əli Məhbus və  əsərləri”, iki cilddən ibarət “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” kimi ciddi monoqrafiyaları, habelə Salik Ordubadi və Qüdsi Vənəndinin əsərlərinin toplandığı kitabları, onlarca məqalələri Naxçıvan ədəbi mühitinin tədqiqinə sanballı töhfələr vermişdir.

Bu illər ərzində Naxçıvan ədəbi mühitinin tədqiqinə həsr olunan çoxsaylı elmi əsərlər çap edilmişdir. İki kitabdan ibarət “Naxçıvan ədəbi mühiti: tədqiqlər” (F.Xəlilov), “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər” (R.Qasımov), ““Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” (S.Seyid), “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında” (R.Qasımov), “Naxçıvan ədəbi mühiti: Şərq və Qərb kontekstində” (N.İsmayılova) kimi ümumiləşmiş əsərlərdə Naxçıvanda müxtəlif ədəbi mərhələ və illərdə ədəbi-mədəni inkişaf, başlıca xüsusiyyətləri və görkəmli nümayəndələri tədqiqat predmetinə çevrilmiş və diqqətəlayiq tezislər irəli sürülmüş, sanballı nəticələr ortaya qoyulmuşdur. Bu əsərlərdə Naxçıvanda qədim dövrlərdən ədəbiyyatın mövcudluğu və inkişafının müxtəlif mənbələrdə özünə yer tapdığı, habelə qədim dövr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrindən olan, intibah şeirinin aparıcı simalarından biri olan Qətran Təbrizinin Naxçıvanla əlaqələri və yaradıcılığında Naxçıvan mövzusundan da ətraflı şəkildə bəhs edilmişdir.

Bundan başqa müxtəlif illərdə Naxçıvan elmi, mədəni və ədəbi mühitinin ayrı-ayrı görkəmli şəxsiyyətlərinə həsr olunmuş 14 adda nəşr olunmuş “Hüseyn Cavid: taleyi və sənəti”, “Məhəmmədağa Şahtaxtılı: taleyi və sənəti”, “Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”,  “Əliqulu Qəmküsar: taleyi və sənəti”, “Eynəli bəy Sultanov: taleyi və sənəti”, “Məmməd Səid Ordubadi: taleyi və sənəti”, “Məmməd Araz: taleyi və sənəti”, “Məhəmməd Tağı Sidqi: taleyi və sənəti”, “Əziz Şərif: taleyi və sənəti”, “Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “Ərtoğrol Cavid: taleyi və sənəti”, “Nağı Nağıyev: taleyi və sənəti” kimi kitablar da Naxçıvanın müxtəlif istiqamətlərdə öyrənilməsi sahəsində sanballı mənbələr kimi çıxış edir. Hazırlanmaqda olan “Naxçıvan ədəbi mühiti” əsəri də Naxçıvanda ədəbiyyatın ən qədim dövrlərdən bu günə qədər bütün istiqamətləri və aktual məsələlərin əks olunduğu fundamental, əhəmiyyətli və ciddi bir elmi əsər olacağı qətiyyətlə söylənilə bilər.   

Beləliklə, böyük və zəngin bir tarix və mədəniyyətin yaranmasında beşiklik edən Naxçıvanın özünün tədqiq edilməsi də Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra tədqiqatların diqqət mərkəzinə gəlmiş və başlıca problemlərini təşkil etmişdir. Ortaya qoyulan çoxsaylı ciddi tədqiqatlar və onun nəticələri kimi çıxış edən uğurlu elmi əsərlər Naxçıvanın qədim və zəngin ədəbi mühitindən də ətraflı bəhs edərək qiymətli məlumat, fakt və nümunələr ortaya qoymuşdur. Bütün bunlar isə ümumilikdə Azərbaycan elmində naxçıvanşünaslıq deyilən bir elm sahəsinin yaranmasına istiqamət vermiş və ortaya qoyulan uğurlu əsərlərlə elmi fikri zənginləşdirmişdir.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsi

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: