UNEC-də onlayn seminar: Tələbələr arasında tədqiqat fəaliyyətinin təşkili

A- A A+

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Tələbələr arasında tədqiqat fəaliyyətinin təşkili: elmi və metodoloji problemlər” mövzusunda onlayn seminar keçirilib.

UNEC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminar tələbələri elmi yaradıcılığa təşviq etmək, tədqiqat fəaliyyətinin təşkilində elmi və metodoloji yanaşmaları düzgün müəyyənləşdirmək məqsədilə təşkil olunub.

Seminarda çıxış edən Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı, dosent Elman Cəfərov tələbələrin tədqiqat fəaliyyətinin və elmi-texniki yaradıcılığının inkişaf etdirilməsinin təhsilin modernləşdirilməsinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, elm və təhsilin inteqrasiyasının gənclərin yaradıcı təşəbbüskarlığının inkişafında əsas amillərdən biri olduğunu diqqətə çatdırıb.

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyyə Rzayeva “Tələbələr arasında tədqiqat fəaliyyətinin təşkili: elmi və metodoloji problemlər” adlı məruzəsində müasir universitetlərin fundamental biliklərin və təcrübəyə hədəflənən innovasiyaların inkişafına birbaşa təsir göstərmək imkanını, buna görə də əsas vəzifələr sırasında tələbələrin tədqiqat fəaliyyətlərinin inkişafının dəstəklənməsi olduğunu qeyd edib.

UNEC-in “SABAH” Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva bu sahədə geniş təcrübəsinə əsaslanaraq qeyd edib ki, ölkədə baş verən sosial-iqtisadi dəyişikliklər, iqtisadi inkişaf yolunda atılan innovativ addımlar, peşə fəaliyyətində idarəetmə funksiyalarını genişləndirmək meyilləri cəmiyyətin yüksək peşəkarlıq tələblərinin dəyişməsinə səbəb olub. Elmi və texnoloji tərəqqi, həyatın və istehsalın bütün sahələrində elmi nailiyyətlərin sürətlə tətbiqi gənc mütəxəssislərdən yalnız geniş nəzəri baxışlar deyil, həm də müxtəlif növ problemlərin həllinə yaradıcı yanaşma tələb edir və bu məsələdə təməl rol universitetlərin üzərinə düşür.

Sonra Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Arzu Hüseynova, dosentlər Hafiz Bayramov, Kamil Məmtiyev, Hilalə Cəfərova istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat işlərinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsindən, TEC vasitəsilə bu işin təşkilinə dair fikir və tövsiyələrini bölüşüblər.

Seminarın sonunda tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova səsləndirilən təklif və tövsiyələrlə bağlı öz fikirlərini paylaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: