Teatr müqəddəs yerdir - Söz tələbə jurnalistlərindir

A- A A+

“Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün onu irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var.” Bu sözlər Ulu Öndər Heydər Əliyevin  teatra verdiyi dəyərin ən gözəl nümunəsidir.

Cəmiyyətin inkişafında teatrın rolu danılmazdır. Çünki teatr cəmiyyətin psixologiyasına xitab etməyin ən asan və ən təsirli yoludur. Eyni zamanda teatr xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biridir.

Ölkəmizdə milli teatrın təməli 1873-cü ildə ömrünü xalqın maariflənməsinə, milli təfəkkürünün formalaşmasına, cəhalət və nadanlıq buxovlarından azad etməyi özünə vəzifə bilən Həsən bəy Zərdabi rəhbərliyi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin, o zaman hələ realnı məktəbdə şagird olan yeniyetmə-gənclərin  aktiv iştirakı ilə M. F. Axundzadənin “Lənkəran xanın vəziri” əsəri ilə qoyulub. Bu tamaşa o qədər uğurlu alınıb ki, ondan bir ay sonra  “Hacı Qara” əsəri də hazırlanaraq tamaşaçılara təqdim edilib. Sözügedən əsərlərin ana dilində tamaşaya qoyulmasında təşəbbüs göstərən N. Vəzirov və Ə. Adıgözəlov da realni məktəbin şagirdləri ilə birlikdə tamaşada  aktyor kimi çıxış ediblər.  Çünki o vaxtlar aktyor truppası hələ formalaşmadığından qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər teatr tamaşaları hazırlamaqla yanaşı həm də bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər.

Sonralar teatrımızın ideyaca sağlam bir yöndə inkişaf etməsində böyük rolu olan Nəriman Nərimanov teatrdan tribuna kimi istifadə edərək ziyalı gəncləri teatra dəvət edir, eyni zamanda özü də bir çox tamaşanın baş rolunda oynayır. Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini isə 1896-cı ildə H. Zərdabi təşkil edir. Milli teatrımızın xalqımızın öz yaşayışını əks etdirməsində, millətin oyanmasında böyük rolu olur. Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, teatrın vətəni sayılan Yunanıstanda teatrın əsası faciə ilə qurulmuşdusa, Azərbaycanda M. F. Axundovun komediyaları əsasında bu mədəniyyət ocağı yaradıldı. O vaxtlar senzor nəzarətinin çox olması cəmiyyət rəislərinə yönəldilən ən adi gülüş “ictimaiyyətin sakitliyini, asayişini, təhlükəsizliyini pozan” hal kimi qələmə verildiyindən tamaşaların hazırlanması böyük qəhrəmanlıq tələb edirdi. Dramaturgiyamızın banisi olan M.F.Axundov gülüşü naqislikləri qamçılayan, əxlaqı yaxşılaşdıran bir vasitə adlandırırdı. Milli teatrımızın təməlinin M.F.Axundovun komediyaları ilə qoyulmasının səbəblərindən biri də bu idi. Azad sözə qoyulan qadağaya görə ziyalılarımız milli teatrı yaradarkən dolayı yolla da olsa xalqı oyanışa səsləyirdi. Azərbaycan teatrı yarandığı ilk gündən bu günə kimi realist zəmində inkişaf edərək bəşəri fikirlərin mənbəyinə çevrilib. Sonralar Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi böyük sənətkarların dərin məzmunlu səhnə əsərləri ilə geniş vüsət alan teatrımız milli varlığını qoruyub saxlayaraq daha da inkişaf etdi. Hamının yaxşı tanıdığı Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski və başqa fitri istedad sahiblərinin səyləri ilə ölkəmizdə milli peşəkar aktyorlar məktəbi formalaşdı. Həmin məktəbin yetirmələrindən olan Rza Əfqanlı, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Bəşir Səfəroğlu, Tofiq Kazımov, Leyla Bədirbəyli, Nəsibə Zeynalova və bir çox aktyor və aktrisalarımız tamaşaçıların məhəbbət və rəğbətini qazandılar.

Naxçıvanda isə peşəkar teatr truppasının əsas üzvləri müəllimlərdən ibarət idi. Naxçıvan teatrının yaradılmasında Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məmməd Tağı Sidqi və digər ziyalıların yaxından iştirakı olub. 1883-cü ildə Azərbaycanda və Şərqdə ikinci teatrın- Naxçıvan teatrının təməli qoyuldu. M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyası Naxçıvan teatrının ilk tamaşası kimi tarixə öz imzasını atdı. 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verildi. Bu illərə qədər isə teatrda yerli və əcnəbi dramaturqların əsərləri tamaşaya qoyulub. Hətta Naxçıvan teatrının fəal aktyor və rejissoru olan Böyükxan Naxçıvanlı Təbrizə gedərək orada teatr truppası yaradıb. Ölkə səviyyəsində tanınmış aktyorların tez-tez Naxçıvana gələrək tamaşalar oynaması, yerli aktyorlarla birlikdə səhnəyə çıxması, əsərlərə quruluş verməsi də bu sahənin inkişafında mühüm rol oynayan amillərdən olub. 1920-ci illərdə Naxçıvan teatrında Mirzə Süleymanov, Səməd Mövləvi, Rza İsfəndiyarlı, Rza Təhmasib kimi sənətkarlar teatrın repertuarını zənginləşdirməklə yanaşı yeni məktəbin yaranmasına da təkan verdilər. 1927-ci ildən Naxçıvan teatrına qadın aktrisaların gəlməsi bu imkanları daha da genişləndirdi.  Naxçıvan teatrının səhnəsində öz sözünü deyən Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva, xalq artistləri Füruzə Əlixanova, Sofya Hüseynova, Zəroş Həmzəyeva bu gün də ölkə səviyyəsində tanımış klassik sənətkarlar oldular.    

Naxçıvan teatrının məhsuldar dövrü isə 1950-80-ci illər hesab olunur. Bu illərdə Naxçıvanda  özü üçün bir teatr yaradan hər bir məhəllənin özünəməxsus repertuarı olur. 1970-80-ci illərdə isə Naxçıvan teatrı musiqili komediya teatrı kimi yox, musiqili dram teatrı kimi bütün Azərbaycan Respublikasında yeganə sənət ocağı olur.

Bu gün də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında maraqlı əsərlər tamaşaya qoyulur, təkcə yerli deyil, ölkə səviyyəsində və hətta qonşu İran, Türkiyə respublikalarının teatrsevərləri də bu tamaşalara baxırlar. Teatrın aktyorları Xalq artistləri Rövşən Hüseynov, Kamran Quliyev, Rza Xudiyev, Yasəmən Ramazanova, əməkdar artistlər Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, Əli Əliyev, Vidadi Rəcəbli, Nazlı Hüseynquluyeva və başqaları maraqlı obrazları ilə tamaşaçıların rəğbətini qazanan sənət fədailəridirlər.

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universiteti

 “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: