Beynəlxalq rus dili imtahanına (ТРКИ – rus dili xarici dil kimi) dair seminara qeydiyyat elan olunur.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminar DİM və Sankt-Peterburq Dövlət Universitetinin birgə təşkilatçılığı ilə martın 30-da keçiriləcək.
Seminarın məqsədi DİM tərəfindən keçirilən ТРКИ imtahanları barədə ictimaiyyəti məlumatlandırmaq və imtahanla maraqlanan şəxslərin suallarını cavablandırmaqdır. Seminarın spikerləri SPDU-nun Test Mərkəzinin müdiri Dmitri Ptuşkin və rus dili üzrə mütəxəssis İrina İlyiçovadır.
Onlayn platforma (Zoom) üzərindən rus dilində keçiriləcək seminarda bu dili tədris edən müəllimlər, öyrənməyə marağı olan tələbələr, biliklərini qiymətləndirmək istəyənlər, Rusiya universitetlərinə qəbul olmaq arzusunda olanlar, Rusiya Federasiyasının vətəndaşlığını almaq istəyənlər iştirak edə bilərlər.
Seminarda iştirak etmək istəyən şəxslər martın 26-dək verilmiş onlayn formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Tədbirin Zoom linki martın 29-da iştirakçılara elektron poçt vasitəsilə göndəriləcək.
Rus dili xarici dil kimi imtahanları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.