44 günlük zəfər yürüşündən sonra 27 il düşmən tapdağında olan torpaqlarımız bizə qaytarıldı. Sanki bir qanadı qırılmış xəritəmiz igid oğullarımızın köməyi ilə, qanı ilə birləşdi, yenidən bərpa olundu. Haqq savaşında minlərlə igidimiz ömürlərinin ən gözəl çağını bu cənnətməkan torpağa qurban verdi. Torpağı Vətən edən şəhid qanı onu müqəddəsləşdirdi, gələcək nəsillər üçün daha da doğmalaşdırdı. Ölümləri ilə ölümsüzlüyə ucaldı onlar.
İkinci Qarabağ müharibəsində yeni tarix yazanlar sırasında Naxçıvan igidlərinin də payı oldu. Bu Vətən müharibəsində Naxçıvan torpağının ölümsüzlüyə ucalan şəhidlərindən biri də Güloğlan Nurəddin oğlu Qədimovdur. Özündən başqa bir bacısı və bir qardaşı olan Güloğlan 1997-ci il iyulun 17-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Səmimiyyəti, mehribanlığı, istiqanlığı ilə seçilən sadə və zəhmətkeş ailənin övladı məhz bu xoş xasiyyətinə görə hamı tərəfindən sevilib.
Güloğlan 2003-cü il Qıvraq qəsəbəsində yerləşən 2 nömrəli məktəbdə ilk təhsilini alıb. Qəsəbədəki hərbi hissənin lap yaxınlığında yerləşir bu məktəb. Hər gün dərsə gedərkən hərbi təlim keçən, nizamla bir sırada addımlayan əsgərləri müşahidə etmək nə qədər xoş idi bir məktəbli üçün. Hətta bəzən bu mənzərəni seyr etdiyi üçün az qala dərsə gecikirdi. Amma əsgərlərin nizam-intizamı ona da təsir edir, hər dəfə dərsinə vaxtında çatmağa çalışırdı. Sinifə isə sanki şagird kimi deyil, əsgər kimi daxil olurdu. Məktəb partasında oturanda xəyallarını qurub dərslərini hazırlayırdı. Hədəfi gələcəkdə peşəkar hərbçi olmaq idi. Çünki müəllimləri Azərbaycan torpağının 20 faizinin işğal altında olduğunu az qala bütün dərslərdə deyir, şagirdləri vətənpərvər ruhda yetişdirir və Qarabağ torpağının gec-tez Azərbaycana qayıdacağına inam aşılayırdılar.
Elə müəllimlərinin mübariz ruhlu tərbiyəsi sayəsində Güloğlan dərslərinə daha yaxşı oxumağa can atırdı. Sinif jurnalında qiymətləri yalnız əla olan qəhrəmanımız artıq Qarabağ arzusuna qovuşmaq hissi ilə yaşayırdı. 2011-ci ildə sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə verən Güloğlan imtahanlardan uğurla keçdi. Burada oxuduğu 3 il müddətində nizam-intizamına görə də müəllimlərin hörmətini qazandı və çalışqanlığı ilə seçildi.
2014-cü ildə Hərbi Liseydəki təhsili başa vurdu Güloğlan. Hədəfi peşəkar zabit olmaq idi. Ona görə də Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirdi. Burada oxuduğu 4 il ərzində özünü nümunəvi kursant, gələcəyin əsl peşəkar zabiti kimi göstərdi.
2018-ci ildə təhsilini başa vurub hərbi hissələrdən birində leytenant rütbəsi ilə xidmətə başladı.
Güloğlan arzusuna çatmışdı. İndi onun çiynində daşıdığı ulduzların işığı işğal altında olan Qarabağ torpağında şölə saçmalı idi. Gənc leytenant ilk gündən öz səriştəsi və bacarığı ilə bir zabit kimi fərqləndi. Yüksək komandanlıq onu biliklərini daha da təkmilləşdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə yolladı. Bir aylıq motoatıcı bölük komandiri kursunu uğurla bitirdi.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk günlərdən Füzuli istiqamətində gedən döyüşlərə qatılan Güloğlan Qarabağın azadlığı uğrunda Ali Baş Komandanın verdiyi bu əmrin çoxdan təşnəsi idi. Elə ona görə də döyüşlərdə qəhrəmanlıqla iştirak edir, müharibənin ilk günlərində döyüş yoldaşları ilə düşmənin möhkəmləndirilmiş bir neçə postunu ələ keçirir. Qarşıda isə Şuşa onları gözləyirdi. Döyüş, savaş, qələbə arzusu ilə alışıb-yanırdı. Güloğlan döyüşlərin ara verdiyi bir vaxtda ailəsinə zəng vurur. Həmin an şəhid olacağı ürəyinə damır. Amma heç nəyi hiss etdirməmək üçün ailəsi ilə soyuqqanlılıqla danışır. Qardaşına "Hər şeyə hazırlıqlı olun",- deyərək ailəsini ona əmanət edir. Telefonda səsindəki həyəcandan yaxınlarının narahat olacağını düşünür və bibisi qızına mesaj yazaraq sanki ürəyini boşaldır: "Sizə şad xəbərim var.. MƏN ƏN UCA ZİRVƏDƏ OLACAĞAM!" Bibisi qızı elə başa düşür ki, onun xidməti vəzifəsini və rütbəsini yüksəldirlər. Bununla bağlı olaraq onu təbrik edir. Güloğlan isə: "Ondan da uca zirvədə- Şəhidlik zirvəsində olacağam",-deyə cavab yazır və 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına yüksəlir...
Güloğlan pandemiya ilə əlaqədar olaraq bir il idi ki, Qıvraqdakı doğma evlərinə gələ bilmirdi. Evdən çıxanda yaxınlarına 1il sonra gələcəyəm deyə söz verən igidimiz sözünün üstündə durdu... Bir ildən sonra evinə döndü və bu dönüş əbədi bir qayıdış, sonu olmayan gedişin nişanəsi oldu. Çox böyük bir izdihamın müşayiəti ilə o, ən müqəddəs bir məqam –şəhidlik məqamıyla, Azərbaycan bayrağına bükülmüş nəşi ilə qalib ordunun əsgəri kimi evinə, doğulduğu obaya döndü... Qəhrəmanımızın nəşi Qarabağ döyüşlərinin qələbə ilə başa çatmasından 35 gün sonra- dekabrın 14-də doğulduğu Naxçıvana gətirilərək Kəngərli rayon Qıvraq qəsəbəsində torpağa tapşırıldı. Qəhrəman Şəhidimiz ölümündən sonra Ali Baş Komandanın sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görüldü. Bu medal onun adını əbədiləşdirdiyi kimi, ailəsini də qürurlandırdı.
Güloğlan ailəli deyildi. Amma onu gözləyən bir sevgilisi vardı. Hətta söz vermişdi ki, qayıdıb qızın barmağına nişan üzüyü taxacaq.. Son döyüşə getməzdən əvvəl ailəli olan yoldaşlarını bir yerə yığmışdı və onları gözləyən uşaqların, həyat yoldaşlarının, gözü yolda qalanların olduğunu və hər kəsdən qələbə müjdəsi gözlədiklərini demişdi. Bu yolda ölməyin isə şərəfli olduğunu xüsusilə vurğulamışdı.
Vətən onun üçün hər şeydən, hamıdan öncə gəldi. Canından və hər kəsdən daha çox sevdiyi Vətən uğrunda döyüşdü. Şəhidliyi şərəf bildi O.
Biz gənclər Güloğlan Qədimov kimi qəhrəmanlarımızla həmişə fəxr edəcəyik. Düşmən tapdağı altında qalan torpaqlarımızı bizə qaytararkən Güloğlan da ən böyük qürurumuz, bu Vətənin əbədi övladı oldu! Bacısının ona həsr etdiyi şeirdə dediyi kimi:
Qoy anan fəxr etsin sənin adınla,
Atan qürurlansın şərəf, şanınla.
Körpələr çağrılsın sənin adınla,
Şöhrət zirvəsinə şəhid qanıyla.
Əbədi həkk olan igid qardaşım!
Aysel İsazadə
Naxçıvan Dövlət Universiteti “Jurnalistika” II kurs tələbəsi