Ali təhsil ocağında “Nikah hüququ” mövzusunda seminar keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Akt zalında “Ailə cəmiyyətin özəyidir” layihəsi çərçivəsində “Nikah hüququ” mövzusunda seminar keçirilib.
Tədbirdə rektor Elbrus İsayev bu cür tədbirlərin gənclərin tərbiyəsi və gələcək ailə həyatında oynayacağı roldan danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin rəisi, “Bələdiyyə və turizm” kafedrasının müəllimi Səttar Zamanov qeyd edib ki, hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür.
“Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov nikahın anlayışı, bağlanma qaydası və şərtlərindən danışıb.
Daha sonra nikah müqaviləsinin anlayışı və əhəmiyyəti, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, ailə dəyərlərinin formalaşmasında nikahın rolu, erkən nikah problemi haqqında iştirakçılara məlumat verilib, tələbələrin mövzu ilə bağlı verdikləri suallar cavablandırılıb.
Səadət Əliyeva