“Naxçıvan” Universitetində elmi-praktik konfrans olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Müəssisələrdə birbaşa və dolayı istehsal xərclərinin məhsulun maya dəyərinə düzgün bölüşdürülməsi problemləri və həlli yolları” mövzusunda keçirilən konfransda universitetin prorektoru, Ali Məclisin deputatı Hüseyn Bağırsoylu bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən atılan, bu gün uğurla davam etdirilən düzgün iqtisadi siyasət öz nəticəsini verir. Bütün dünyanı ağuşuna alan, inkişaf etmiş ölkələrdə belə iqtisadiyyata ciddi zərbə vuran pandemiya, ölkəmizdə minimal təsirlərlə müşahidə olunur. Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadi inkişaf artan temp üzrə irəliləyir. 2020-ci ilin muxtar respublikada "İxrac ili" elan olunması isə istehsal olunan məhsulların say və çeşidinin artırılmasına daha böyük imkan yaradıb.
“Elmi-praktik konfransın da əsas mahiyyəti istehsalla məşğul olan sahibkarların, müəssisələrin, o cümlədən iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələrin maarifləndirilməsidir”,- deyən prorektor qeyd edib ki, bu gün müəssisələrin əsas məqsədi rəqabətədavamlı məhsulların istehsalıdır. Belə məhsulların istehsalında isə əsas amil ucuz və keyfiyyətli məhsul istehsal etməkdir. Məhsulun ucuz qiymətə satılması üçün müəssisənin iqtisadi siyasəti düzgün qurulmalı, nəticədə həm müəssisə, həm də istehlakçı qazanmalıdır.
Konfransda iştirakçılara “Ümumi istehsal xərclərinin bölüşdürülməsi problemlərinin aşkara çıxarılması yolları”, “Dəyişən xərclər: növləri, hesablanma forması və satış həcminə təsiri” barədə də məlumat verilib.
Universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə 3-cü kurs tələbəsi Yunis Nəsibli “Müəssisənin sabit və dəyişən xərclərinə təsir edən amillər” mövzusunda çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Səriyyə Alməmmədova