“Şərqdən doğan ədəbiyyat günəşi: Nizami Gəncəvi” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Şərqdən doğan ədəbiyyat günəşi: Nizami Gəncəvi” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bölmənin Elmi Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, “Naxçıvan” Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun Elmi Kitabxanalarının əməkdaşları iştirak ediblər.
Konfransda çıxış edən AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə, ədəbiyyatımıza və mədəniyyətimizə göstərilən dövlət qayğısının təzahürüdür.
Qeyd olunub ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə humanizm prinsiplərinin təşəkkül tapmasında böyük xidmətləri olan ədibimizdir. Onun əsərlərindəki milli köklərə bağlılıq ideyası, dövlətçilik ənənələri, ədalət prinsipi, mənəvi dəyərlər bu gün də öz aktuallığını qoruyub saxlayır.
“Ölkə başçısının Sərəncamı böyük şairin həyat və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəddir”, -deyən Sahab Əliyeva bu mühüm sənədin yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğularının aşılanması və təbliği istiqamətində açdığı yeni perspektivlərdən bəhs edib.
Sonra “Naxçıvan” Universitetinin Elmi Kitabxanasının müdiri Zamin Babazadənin “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında rənglər və rəqəmlər”, AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının biblioqrafı Samirə Məmmədovanın “Nizami Gəncəvinin “Xəmsə”si”, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasının baş kitabxanaçısı Emelya Süleymanovanın “Nizami Gəncəvinin “Hikmətlər və nəsihətlər” əsərində tərbiyə məsələləri” və Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük laborantı Günel Nəsirlinin “Nizami Gəncəvi lirikası” mövzusunda məruzələri dinlənilib.