Ali təhsil ocağının kollektivi Dövlət Bayrağı Muzeyində olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Şəhərində Dövlət Bayrağı Muzeyində olub.
Bələdçi bildirib ki, muzey dövlət atributlarımızın tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Qeyd edilib ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust sərəncamı ilə yaradılıb. Unikal quruluşa malik Bayraq Muzeyində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri də muzeyin dəyərli eksponatları sırasındadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinin muzeyə təqdim etdiyi Azərbaycan Respublikasının dövlət himninin, mətninin və gerbinin təsvir olunduğu xatirə hədiyyəsi qonaqlarda xüsusi maraq doğurub.
Səadət Əliyeva