Məktəblilər arasında növbəti müsabiqəyə start verildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayon məktəbliləri arasında “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə start verilib.
3 mərhələdə təşkil edilən müsabiqənin birinci mərhələsi olan məktəbdaxili seçim fevralın 15-dən 18-dək keçirilib. Müsabiqənin şəhər və rayon mərhələsi isə martın 12-dən start götürüb və ayın 19-dək davam edəcək. İkinci mərhələnin ilk müsabiqəsi Şərur məktəbliləri arasında təşkil ounub.
Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilib.
Müsabiqədə Şərur rayonu üzrə məktəbdaxili seçim mərhələsində fərqlənən 32 ümumtəhsil məktəbindən 55 şagird 160-a yaxın əl işi ilə iştirak edib. Məktəblilər toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər əl işləri hazırlayıblar. Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Beləliklə, Şərur rayon ümumtəhsil məktəbləri üzrə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 1 əl işi I, 2 əl işi II, 3 əl işi III, 5 əl işi isə həvəsləndirici yerə layiq görülüb. Rayon mərhələsində yer tutanlar müsabiqənin muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.
Bütün ümumtəhsil müəssisələrini əhatə edən müsabiqənin muxtar respublika mərhələsi aprel ayında keçiriləcək.
Ərhan Novruzov