Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol mədəniyyət, həyat, iqtisadiyyatdır. Yolların abad, səliqəli, rahat, geniş olması təkcə nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb etmir, həm də ölkənin qüdrətindən, iqtisadi gücündən xəbər verir.
Dövlət səviyyəsində bu sahəyə maraq həmişə olub və nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzindədir. Bu istiqamətdə işlər Naxçıvan Muxtar Respublikasında da əhəmiyyətli dərəcədə nəzərə çarpır.
Artiq iki ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində təhsil alıram. Bir jurnalist-tələbə kimi iki il ərzində etdiyim müşahidələrə görə Naxçıvanın yolları heç ölkəmizin paytaxtı Bakı şəhərinin yollarından geri qalmır. Keyfiyyətlə aparılan yol-inşaat işləri göz oxşayır. Hətta universitetdə təhsil alan əcnəbi tələbələrlə həmsöhbət olduğumuz zaman onların bəziləri öz ölkələrində bu qədər təmiz, rahat və abad yolların olmadığını etiraf edirlər. Qeyd edək ki, təkcə Naxçıvan şəhərinin deyil, muxtar respublikanın digər şəhərləri və rayon mərkəzlərinin də yol infrastrukturu göz oxşayır. Hətta ən ucqar dağ kəndlərinə belə çəkilən asfalt yollar ilin istənilən fəslində bura ilə əlaqəni davamlı olaraq saxlayır. Yəni qışın qarında, yazın leysanlarında, payızın yağışlarında yollarda hərəkət intensiv olur.
Naxçıvan şəhərinin küçə və yolları isə ayrı bir mövzudur. Təkcə Naxçıvan şəhərində 100 minə qədər əhali yaşayır və hər gün 10 mindən artıq adam bu şəhərə daxil olur və çıxır. Təbii ki, son vaxtlar güclənən iqtisadiyyat insanların yaşayışına, maddi vəziyyətinə də müsbət təsir edib. Nəticədə vətəndaşların şəxsi avtomobil almaq imkanı genişlənib. Bu da yollarda avtomobillərin sayını artırıb. Amma Naxçıvan şəhərinin rahat və yol hərəkəti qaydalarına ciddi riayət edilən yollarında bu nəqliyyat sıxlığı o qədər də hiss olunmur. Çünki qeyd etdiyimiz kimi, piyadalar və sürücülərin nizam-intizamına müvafiq qurumlar tərəfindən mütəmadi nəzarət edilir. Şəhərin rahat yollarında sürət həddinin qaydalara uyğun olması artıq Naxçıvanda xüsusi sürücü mədəniyyətini formalaşdırıb. Bu isə təkcə yerli sakinlərin deyil, hətta şəhərə qonaq gələn əcnəbilərin də diqqətini çəkir. Bir sözlə, səliqəli, tıxacsız Naxçıvan yolları göz oxşayır. Ən əsası isə odur ki, Naxçıvanda sürücülərin və piyadaların yol hərəkəti qaydalarına ciddi riayət etməsi nəticəsində bu şəhərdə qəzalar, tıxaclar müşahidə edilmir. Piyada zolaqlarından keçən zaman avtomobil sürücülərinin sakit tərzdə gözləyərək insanlara yol verməsi, piyadaların isə yolu haradan gəldi deyil, nəzakətli şəkildə keçid xəttindən istifadə etməsi ən gözəl yol mədəniyyətidir.
Məncə, artıq təkcə ölkəmizin yol və nəqliyyat problemi yaşayan iri şəhərlərinin deyil, hətta bəzi ölkələrin də bu mədəniyyəti məhz Naxçıvandan öyrənməyə ehtiyacı var...
Səbinə Əliyeva
Naxçıvan Dövlət Univeristeti
“Jurnalistika” II kurs tələbəsi