Ölməz şair Mikayıl Müşfiq bir zaman yazırdı: “Bu yaz bir başqa yazdır..” Bu il yurdumuza gələn Novruz da başqa bir Novruzdur. Bu Novruz 30 illik həsrətin sonu, Şuşada, Laçında, Kəlbəcərdə qalanan tonqal, bu torpaqlarda gələcək üçün tutulan arzu, dilək deməkdir. Xalqımızın min illik adətini, baharın gəlişini xarakterizə edən, babalardan bizə yadigar qalan Novruzu Azərbaycan torpağının Qarabağ adlı guşəsində qeyd edəcəyik bu yaz!!! Hər qarışı, daşı, torpağı, çayı, meşəsi yadırğayıb bu kəlməyə, Novruz tonqalının hərarətinə. Bu müqəddəs bayramımıza sayılı günlər qaldıqca sanki igidlərin qanı ilə suvarılan Murovdağın yamacları elə bu gün gülə, çiçəyə qərq olmaq istəyir. Qarabağ düzləri, meşələri “Gəl, bahar qoxulu, yaz ətirli Novruzum. Bu il artıq sinəmizdə bizə yad olan səslər, danışıqlar deyil, doğma Azərbaycan dilində aşıq şeirləri, şən-şaqraq musiqilər, nəğmələr dilə gəlsin” deyir.
Bu yaz bir başqa yazdır... Çaylar yeni illə, yeni günlə, Novruzla üzərinə düşən düşmən izini, hənirini təzələmək istəyir. Yenidən qaynamaq, çağlamaq, doğulmaq, yenidən daha şux, daha ətirli güllərə həyat vermək üçün Su durulur, Torpaq yeni həyat, yeni bar-bərəkət gətirmək üçün tələsir! Yel bu xoş müjdəni ellərə çatdırmaq üçün daha gur əsmək, havanı yağı nəfəsindən təmizləmək üçün qasırğa qoparmaq, Günəş odu ilə düşmənin məkrli niyyətini yandırmaq, kül etmək istəyir.
Ürəkdə bir hayqırtı, bir istək dilə gəlir. Ən uca zirvəyə qalxıb qıy vurmaq, “Ay ellər, Qarabağa Novruz gəlir!”,- deyə dünyaya hay salmaq keçir.
Bu yaz bir başqa yazdır... Bu il bayram tonqalımız əvvəlki illərdəkindən daha gur yanacaq. Novruz tonqalını Şuşanın ən hündür dağlarının zirvəsində qalayacağıq. İgidlərimizin dillərə dastan olan Şuşa döyüşünə şahidlik edən dağlar indi də Novruz tonqalı ilə düşmənə göz dağı verəcək. Həm də qədim Oğuz elinin müdriki olan Dədə Qorqudun dediyi kimi, üç böyük tonqal yandıracağıq. Qoy düşmən bilsin ki, yurdumuzun ocağı gur yanır... Axı Oğuz yurdunda üç tonqal qələbə rəmzidir! Bütün keçmiş ağrı -acılarımızı, kədərimizi bu tonqalda yandırıb birlik və bərabərlikdən doğan qələbə ovqatımızla Qarabağın ilk Novruz səhərində günəşi salamlayacağıq. Qarabağ atlarının ayaq səsi ilə canlanan Cıdır düzü bənövşənin, novruzgülünün ətri ilə salamlayacaq yurdumuzu. Cənginin əks-sədası ilə yurdumuzun hər qarışı, daşı, torpağı, sıldırım qayaları səmada məğrur - məğrur dalğalanan bayrağımızı salamlayacaq. Baharın müjdəçisi olan qaranquşlar qanadları ilə vətən torpağının azadlıq qoxan ətrini dünyaya yayacaqlar.
Bu yaz bir başqa yazdır... Bu bahar yurdumuza uzun illər həsrətində olduğumuz yeni həyat, yeni gün, işğalda olan torpaqlarımıza azadlıq, firavanlıq gətirdi. İsa bulağının zümzüməsi ilə oyanan ağaclar, otlar, çiçəklər vətən torpağında azadlıq baharını füsunkar rəsmini çəkərək sanki dünya şöhrətli rəssamlara meydan oxuyur.
Bu yaz quşların cəh-cəhi də, çiçəklərin ətri də, suların zümzüməsi, aşıqların avazı, sazların səsi də bir başqadır. Çünki bu yaz yurdumuzu salamlayan günəş azadlığın sönməyən alovuyla isidir elimizi, ruhumuzu, qəlbimizi.
Torpağın bütövlüyə, ananın balaya, bir sözlə Azərbaycanın Qarabağına qovuşduğu bahar. Bahar bayramın mübarək olsun, cənnət Qarabağım! Ulu babalarımızdan bizə miras qalan, birlik və bərabərlik rəmzinə çevrilən Novruz bayramınız mübarək olsun, Qarabağı bizə qaytaran vətənimin mərd igidləri! Xoş müjdəli Novruzun mübarək, anamız Azərbaycan!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universiteti
"Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi