NDU-da Tələbə Elmi Cəmiyyətinin xətti ilə 350-dək tələbə tədqiqata yönləndirilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində keçirilən seminar-müşavirədə ali təhsil ocağının rektoru Elbrus İsayev Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində elmi-tədqiqat fəaliyyətinin ümumi vəziyyətinə nəzər salıb.

 NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rektor TEC-in əsas məqsədinin ali təhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi olduğunu vurğulayıb. Bildirib ki, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavr tələbələrin elmi-tədqiqat fəaliyyətinin müasir şəraitə uyğun təşkil edilməsi də cəmiyyətin qarşısında dayanan vəzifələrdəndir.

Rektor beynəlxalq və yerli konfranslar, elmi seminarlar, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalarda, ali məktəblərarası ən yaxşı elmi tədqiqat işlərinin keçirilməsində tələbələrin iştirakının təmin edilməsini qarşıya bir vəzifə kimi qoyub.

Universitetin Elm və innovasiyalar bölməsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rza Məmmədov qeyd edib ki, 2019-2020-ci illərdə universitetdə TEC-nin xətti ilə həyata keçirilən mövzuların ümumi sayı 349, tədqiqata yönləndirilən tələbə sayı 349, tədqiqat rəhbərlərinin sayı isə 288-dir. Tələbələrin elmi tədqiqatlara yönləndirilməsinin vacibliyi, elmi rəhbərlərin rolu haqında danışan Rza Məmmədov diqqətə çatdırıb ki, tələbə elmi tədqiqat işlərinə rəhbərliyi ali təhsil müəssisəsinin professor və müəllimləri, elmi bölmələrin əməkdaşları və doktorantlar həyata keçirirlər.

NDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə I kurs magistrant, TEC-nin sədri Təbrizə Bağırova cəmiyyətin strukturu haqında məlumat verib, tələbələrin bacarıqlarının artırılması və üzə çıxarılması üçün layihələr, təlimlər planı barədə danışıb. Bildirib ki, TEC-in xətti ilə hər il universitetdə tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin ortaya çıxarılması istiqamətində müsabiqə keçirilir və qaliblər müəyyənləşdirilir.

Təbrizə Bağırova fəallığına görə universitet tərəfindən təşəkkürnamə ilə təltif olunub. Rektor fakültələrin TEC rəhbərlərinə üzvlük vəsiqələrini təqdim edib.

Sonda tədbir iştirakçıları fakültənin yeni binası və burada yaradılan şəraitlə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: