Naxçıvan Dövlət Universiteti Televiziyası muxtar respublikada yayımına başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən təqdimat  mərasimində əvvəlcə Universitet Televiziyasının efiri izlənilib. Dövlət Himninin səsləndirilməsiylə başlanan efirdə universitetin “Xəbərlər” buraxılışı verilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikanın jurnalist kadrlarına olan ehtiyacı nəzərə alınmaqla universitetdə 2001-ci ildən “Jurnalistika” ixtisası üzrə kadr hazırlığına başlanılıb. Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı, jurnalist ixtisasında dərs deyən müəllimlər, media mərkəzinin işçi heyəti və gənc jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində Universitet Televiziyası fevral ayının 24-dən etibarən muxtar respublikada yayımına başlayıb. Vurğulanıb ki, televiziya həftənin I, III və V günləri saat 11-dən 15-dək efirdə olur. Rektor gənc jurnalist kadrların peşə hazırlığının yüksəldilməsi və gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün kollektivin birgə əməyinin vacibliyini qeyd edib və əlamətdar tarixi gün münasibətilə universitetin kollektivini təbrik edib. 

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli vurğulayıb ki, bu tarixi hadisə nəticəsində Naxçıvan Dövlət Televiziyası ilə Universitet Televiziyası arasında əməkdaşlıq üçün münbit zəmin yaranır.

Sonra Naxçıvan Muxtar Respublikası Televiziya Ötürücü Mərkəzinin direktoru Hikmət Əhmədovun, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin, Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyevanın əlamətdar hadisə ilə bağlı çıxışı dinlənilib.

Çıxışlarda universitet televiziyasının keçdiyi tarixi yola nəzər salınıb, qazanılan uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Göstərilən etimada layiq olmaq və gələcəkdə televiziyanın imkanlarının geniş, əhatəli olacağına əminlik ifadə olunub. 

“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi Məcid Əkbərov tələbə-jurnalistlərin təcrübələrinin formalaşması üçün baza rolunu oynayan Media mərkəzinin fəaliyyətindən danışıb və yaradılan şərait üçün tələbələr adından öz minnətdarlığını ifadə edib.

Sonra Media mərkəzinin fəaliyyətində aktiv iştirak edən tələbə-jurnalistlər universitetin təşəkkürnaməsi və kitabla təltif ediliblər.

Sonda kollektiv universitetin Media mərkəzində yaradılan şəraitlə tanış olub, birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: