Naxçıvan Dövlət Universitetində bir günlük tələbə layihəsi uğurla başa çatıb - FOTOLAR
Muxtar respublika məktəbliləri üçün həyata keçirilən “Naxçıvan Dövlət Universitetində bir gün” layihəsi çərçivəsində görüş olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə universitetin tanıtım videoçarxı nümayiş olunub. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları haqında danışıb. Universitetin beynəlxalq əlaqələri haqda geniş məlumat verən rektor ali təhsil ocağının qoşulduğu layihələr, tərəfdaş olduğu müqavilələr barədə ətraflı məlumat verib. Universitetin 70 ixtisas üzrə bakalavr hazırlığını həyata keçirdiyini qeyd edən Elbrus İsayev şagirdlərə ali təhsil ocağının mövcud imkanlarından və perspektivindən bəhs edib.
Universitetin Hüquq fənləri kafedrasının müəllimi, Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov layihə haqında ümumi məlumat verib. Şagirdlərin universitetlə tanış olmalarına həsr edilən layihənin onların gələcək karyera seçimində mühüm əhəmiyyət daşıyacağını bildirib.
Şagirdlər adından çıxış edən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Fatimə Mərdanlı yaradılan şərait üçün minnətdarlığını bildirib.
Universitet haqında bukletlər şagirdlərə paylanıldıqdan sonra onlar seçdikləri ixtisaslara uyğun fakültələrdə olub, dərs prosesində iştirak ediblər. Tibb fakültəsində olan şagirdlərə ali təhsil ocağının laboratoriyaları, təcrübi dərslərin keçirilməsi üçün müasir texniki imkanlar barədə məlumat verilib. Şagirdlər fakültədə gələcək həkimlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində apardıqları intellektual oyunu izləyiblər.
Beynəlxalq münasibətlər və Hüquq fakültəsinə gələn şagirdlər fakültədəki şəraitlə tanış olublar. Onlar Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrin elmi-siyasi, diplomatik və ən əsası dövlətçilik biliklərinin artırılması üçün nəzərdə tutulan Diplomatiya Mərkəzinə gəlib, Hüquq ixtisasının tələbələri üçün yaradılan və müasir texniki vasitələr ilə təchiz edilən “Kriminalistika” laboratoriyasının iş imkanları ilə maraqlanıblar. Memarlıq və mühəndislik fakültəsində şagirdlərə sxemotexnika və kodlaşdırma ilə də məşğul olan və fakültənin gələcək perspektivlərində mühüm əhəmiyyət daşıyan “Robototexnika” kabinəsinin fəaliyyəti haqda ətraflı məlumat verilib. “Dəmir yolu stansiyalarının avtomatik idarə olunması” laboratoriyasında olan şagirdlər külək və günəş hibrid enerji qurğusunun fəaliyyət prinsipi ilə tanış olublar.
Tədrisi ingilis dilində keçilən İqtisadiyyat ixtisasında dərs prosesi şagirdlərdə xüsusi maraq oyadıb. Pedaqoji fakültənin “Atçılıq mərkəzində” olan şagirdlər atıcılıq qaydaları və üsullarını öyrəniblər.
Qeyd edək ki, universitetin “Sosial mərkəzində” olan şagirdlər tənəffüs vaxtını da səmərəli keçiriblər.
Sonda onlar anket sorğusunda iştirak edib, universitetdən xoş təəssüratlarla ayrılıblar.