AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bunu Batabat Astrofizika Rəsədxanasında “Yaz günbərabərliyi” gününə həsr olunmuş elmi seminarda Rəsədxananın direktoru Qulu Həziyev deyib.
Alim qeyd edib ki, bu hadisə zamanı Yer kürəsinin Günəşə nisbətən mövqeyindən asılı olaraq qütbətrafı ərazilər istisna olmaqla planetimizin bütün bölgələrində gecə ilə gündüzün uzunluğu təqribən bərabər olur. Bu hadisə Yerin şimal yarımkürəsində yaz fəslinin, cənub yarımkürəsində isə payız fəslinin başlanması ilə müşaiyət olunur. 2021-ci ildə mart ayının 20-də, Bakı vaxtı ilə saat 13:37-də baş verəcək bu hadisə ilə yurdumuza bahar qədəm qoyacaqdır.
Yazın gəlişinin, təbiətin canlanmasının xalqımız tərəfindən müxtəlif mərasim və bayramlar şəklində qeyd olunduğuna diqqət çəkən Qulu Həziyev bildirib ki, Novruz bayramının məhz “Yaz günbərabərliyi” günündə qeyd olunması heç də təsadüfi deyildir. Bu o deməkdir ki, əcdadlarımızın səma cisimləri, onların hərəkəti və Yer kürəsinə təsiri barədə kifayət qədər məlumatları olubdur. Dünyada hər hansı bir mühüm astronomik hadisə ilə üst-üstə düşən bayram kimi qeyd olunan əlamətdar günlərin sayı çox azdır. Bu mənada Novruz bayramı çox qədim köklərə bağlı unikal bir bayramdır.