Professor Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrik məktubunu oxuyub.

İsmayıl Hacıyev professorun elmi fəaliyyətinə qısa nəzər salaraq bildirib ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhfələr verməklə yanaşı, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir. O, istər Naxçıvan Dövlət Universitetində, istərsə də AMEA Naxçıvan Bölməsində işlədiyi dövrdə əsl tədqiqatçı, savadlı müəllim və geniş dünyagörüşünə malik ziyalı kimi tanınıb.

Qeyd olunub ki, alimin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilib.

Sonra İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını yubilyara təqdim edib.

Çıxışlarda qeyd olunub ki, alim həmişə pedaqoji fəaliyyətini elmi fəaliyyətlə əlaqələndirməyi bacarıb. Belə ki, Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz onun adı ilə bağlıdır. Tofiq Əliyev 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı alıb, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Alim dəfələrlə Rusiya, Ukrayna və Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylarda iştirak edib, məruzələr edib. Onun məqalələri Rusiya, Ukrayna, Türkiyə, Hollandiya, eləcə də respublikamızda nəşr olunan müxtəlif nüfuzlu jurnallarda dərc edilib, apardığı tədqiqatlar istər ölkəmizdə, istərsə də xaricdə yaşayan bir çox tanımış alimlər tərəfindən yüksək dəyərləndirilib.

Tofiq Əliyevin apardığı tədqiqatlar 5 kitab, 1 dərs proqramında, 2 patent və çoxsaylı məqalə və tezislər olmaqla 150-dən artıq elmi əsərdə öz əksini tapıb. Hazırda "Korroziyadan inhibitor mühafizəsi", eləcə də "İngiliscə-rusca-azərbaycanca elektrokimya və korroziya terminləri lüğəti" kitabları üzərində işləyir. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev çıxış edərək Tofiq Əliyevin Naxçıvan Dövlət Universitetində göstərdiyi səmərəli fəaliyyətindən, bu ali təhsil müəssisəsinin gələcək inkişafına yönəlmiş uğurlu addımlardan bəhs edib və Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını yubilyara təqdim edib.

Yubiley tədbirində Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika elmləri doktoru, professor İsmayıl Əliyev, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru Şəmil Mahmudov çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Çıxış edən yubilyar Tofiq Əliyev əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığını bildirib, gələcək fəaliyyətində də bu diqqət və qayğıya layiq olacağına söz verib.

Sonda professor Tofiq Əliyevə həsr olunmuş Naxçıvan Televiziyasının “Ömür qatarı” filmi nümayiş olunub.

 

                                                             Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: