Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunan seminar-müşavirədə Tələbə Elmi Cəmiyyəti fəalları, magistrantlar və onların tədqiqat fəaliyyətinə elmi rəhbərlik edən professor-müəllim heyəti iştirak edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, institutun rektoru Azad Novruzov “Elm günləri”nin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, son ilin yekunlarına görə, institutun professor-müəllim heyətinin 366 elmi-metodik əsəri, o cümlədən 7 kitabı, 6 monoqrafiyası, 24 tədris-metodik vəsaiti, 208 məqaləsi, 70 konfrans materialı, 51 tezisi dərc olunub. Məqalə və tezislərdən 26-sı beynəlxalq xülasələndirmə və indeksləmə jurnalları və digər elmi toplularda işıq üzü görüb. Hazırda institutda elmi-pedaqoji potensialın 5 nəfəri elmlər doktoru, 38 nəfəri fəlsəfə doktorudur. Bunlar professor-müəllim heyətinin ümumi sayının 42,2 % -ni təşkil edir. Rektor qeyd etdi ki, 2020-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün Dissertasiya şurası fəaliyyətə başlayıb.
Rektor Azad Novruzov institutda təhsil alan istedadlı tələbə və magistrantların vaxtında aşkarlanması, onların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, bu sahədə işin səmərəli təşkil edilməsi və digər məsələlərin vacibliyini qeyd etdi.
Mövzu ilə bağlı edilən çıxışlarda qeyd olunub ki, 2020-2021-ci tədris ilində 200-dək tələbənin tədqiqat işi icra olunur.
Seminar-müşavirədə Tələbə Elmi Cəmiyyəti xətti ilə aparılan işlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında kafedra müdirlərinin hesabatları dinlənilib, məruzə və hesabatlar ətrafında müzakirələr aparılıb və təhsilalanların sualları ətraflı cavablandırılıb.